Rusiya-Ukrayna müharibəsi, enerji böhranı və bərpa olunan enerjinin gündəmdə olmasına baxmayaraq, 2022-ci ildə Avropa ölkələrinin külək enerjisinə investisiyaları əhəmiyyətli dərəcədə azalıb.
Renewables.az xəbər verir ki, bu barədə Avropa Külək Enerjisi Assosiasiyasının (WindEurope) illik "Maliyyələşdirmə və investisiya tendensiyaları" hesabatında bildirilir.
Avropa ölkələrinin külək elektrik stansiyalarına investisiyaları 2021-ci ildəki 41 milyard avrodan 2022-ci ildə 17 milyard avroya qədər azalıb. Beləliklə, Avropa ölkələrində külək enerjisi investisiyaları 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.
Enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi və əlverişli elektrik enerjisi üçün külək enerjisindən elektrik enerjisi istehsalının sürətləndirilməsi məqsədinə baxmayaraq, Aİ-nin son bazar müdaxilələri investorların inamını sarsıdıb.
2022-ci ildə Aİ ölkələrində külək elektrik stansiyalarına ən yüksək investisiyalar 2,4 milyard avro ilə Almaniya, 2,1 milyard avro ilə Finlandiya, 1,9 milyard avro ilə Polşa və 1,8 milyard avro ilə İsveç tərəfindən edilib. Avropada cəmi 12 qiqavat-saat, Aİ ölkələrində isə 10 qiqavat-saat külək enerjisi maliyyələşdirilib.
Avropa ölkələrindən külək turbinləri sifarişləri də azalıb. Yüksək giriş xərcləri və davamlı tədarük zənciri problemləri külək investisiyalarına mənfi təsir göstərib. Müharibə, inflyasiya və elektrik enerjisinin bahalaşması ilə birlikdə xammal qiymətləri və nəqliyyat xərcləri də artıb. Bu artımlar nəticəsində son iki ildə Avropada külək turbininin istehsalının dəyəri 40 faiz artıb.
Rəylər (0):