Beynəlxalq Enerji Agentliyinin (IEA) "Geotermal enerjinin gələcəyi" hesabatına əsasən, qlobal geotermal enerjiyə ümumi investisiya 2035-ci ilə qədər 1 trilyon dollara, 2050-ci ilə qədər isə 2,5 trilyon dollara çata bilər.
Renewables.az-ın IEA-ya istinadla xəbərinə görə, hökumətlər, neft-qaz şirkətləri və kommunal xidmətlər geotermal sahəsinə investisiya imkanları axtaranlar arasındadır.
Hesabatda qeyd edilib ki, əgər gələcək nəsil geotermal üçün dərin xərclərin azaldılması təmin olunarsa, geotermal sahəsinə ümumi investisiya 2035-ci ilə qədər ümumi olaraq 1 trilyon dollara və 2050-ci ilə qədər 2,5 trilyon dollara çata bilər. Bundan əlavə, geotermal investisiyalar ildə 140 milyard dollara çata bilər ki, bu da quruda külək enerjisinə qoyulan cari investisiyadan yüksəkdir.
Hazırda geotermal qlobal enerji tələbatının 1 %-dən azını ödəyir və onun istifadəsi ABŞ, İslandiya, İndoneziya, Türkiyə, Keniya və İtaliya da daxil olmaqla, asanlıqla əldə edilə bilən və yüksək keyfiyyətli resurslara malik bir neçə ölkədə cəmlənib.
"Davamlı texnologiya təkmilləşdirmələri və layihə xərclərinin azaldılması ilə geotermal enerji 2050-ci ilə qədər qlobal elektrik tələbi artımının 15 %-ə qədərini ödəyə bilər. Bu, bütün dünyada 800 GVt-a qədər geotermal enerji tutumunun səmərəli şəkildə tətbiqi və demək olar ki, ildə 6000 teravat-saat istehsal etmək deməkdir. Bu isə bu günkü ABŞ və Hindistanın cari elektrik enerjisi tələbatına bərabərdir", - hesabatda vurğulanıb.
Hesabatda bildirilib ki, geotermal enerji mənbəyi davamlı olduğundan, geotermal elektrik stansiyaları gün və il ərzində maksimum gücü ilə işləyə bilər. Geotermal elektrik stansiyaları elektrik şəbəkələrinin sabitliyinə töhfə verən, tələbatın hər zaman ödənilməsini təmin edən və günəş fotovoltaik və külək kimi dəyişən bərpa olunan mənbələrin inteqrasiyasını dəstəkləyəcək şəkildə çevik şəkildə işləyə bilər.
Rəylər (0):