Azərbaycanda elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi üzrə dövlət proqramı hazırlanacaq

image

Azərbaycanın enerji sisteminə 2027-cı ilin sonunadək 1 862 MVt həcmində "yaşıl güclər"in inteqrasiyasını təmin etmək üçün elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi üzrə dövlət proqramının hazırlanması nəzərdə tutulur.

Renewables.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bildirib.

Onun sözlərinə görə, eyni zamanda 2030-cu ilədək "Xəzər-Avropa İttifaqı yaşıl enerji dəhlizi" və Azərbaycan-Türkiyə-Avropa dəhlizini yaratmaq və şaxələndirilmiş marşrutlarla təxminən 5 QVt həcmində "yaşıl elektrik enerjisi" ixrac etmək məqsədilə intensiv işlər görülür: “Xəzər dənizindən başlayan Azərbaycan, Gürcüstan, Qara dənizdən keçməklə Rumıniya, Macarıstanı əhatə edən və Bolqarıstanın da qoşulduğu dəhlizin texniki-iqtisadi əsaslandırması və birgə müəssisənin yaradılması istiqamətində müvafiq addımlar atılır. Həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkmənistan arasında elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, burdan Avropaya ixracı təşəbbüsü dəyərləndirilir”.

Nazir bildirib ki, bu yaxınlarda Azərbaycanda və Türkiyədə bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi, Naxçıvan üzərindən "Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə" layihəsinin icrası ilə bağlı imzalanmış sənədlər, eləcə də muxtar respublikada enerji şirkətləri ilə əsasən ixracyönümlü razılaşmalar digər bir ixrac marşrutu üzrə görülən tədbirlərdir: “Həm bu dəhlizlər, həm də "Cəbrayıl" enerji qovşağı sayəsində elektrik enerjisinin Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi perspektivi Azərbaycan Prezidentinin böyük strateji vizyonunun və onun reallaşması üçün məqsədyönlü fəaliyyətinin təcəssümüdür. Burada İlham Əliyevin daha bir müdrik yanaşmasına şahid oluruq. Bu da ondan ibarətdir ki, enerji resurslarının işlənilməsi və dünya bazarlarına çıxarılması vəhdətdə həyata keçirilməlidir. Məhz bu cür yanaşma sayəsində Avrasiyada enerji xəritəsi Azərbaycan vasitəsilə davamlı tərtib edilməkdədir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *