Nazirlər Kabineti 24 fevral 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”na dəyişiklik edib.
Renewables.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektinin ETŞ-yə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması üçün sifarişçi ETM-nin nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət etməlidir. İndiyə qədər həmin göstərici 150 kVt idi.
Bundan başqa, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağan edilib.
Rəylər (0):