19-21 oktyabr tarixlərində Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start veriləcək.
Renewables.az-ın media dəstəyi ilə, Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı "Rebuild Karabakh" keçiriləcək.
Sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu mühüm hadisə Xəzər İnşaat Həftəsinin proqramında da öz əksini tapacaqdır.
İnşaat Həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alacaq. Sərgilərdə Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.
Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan "Rebuild Karabakh" bu il artıq 3-cü dəfədir ki, təşkil ediləcək. Sərginin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti vurğulamaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.
"Rebuild Karabakh"sərgisi burada iştirakçı olan beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştirak etməyə cəlb edir. Sərginin elə əsas hədəfi də Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.
İqtisadiyyatın müxtəlif sahələrindən yerli və xarici şirkətlərin sərgiyə olan marağı göstərir ki, "Rebuild Karabakh" sərgisi ötən illər ərzində Azərbaycanda sərgi sənayesinin əhəmiyyətli hadisələrindən birinə çevrilib. Sərginin ölkəmiz üçün əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına salamlama məktubu göndərməsi bir daha sübut edir. Həmin məktub sərginin rəsmi kataloqunda da dərc olunub.
Qeyd etmək lazımdır ki, ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətləri "Rebuild Karabakh 2021" sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən həm təşkil olunduğu ilk ildə, həm də ötən il sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. Hazırda bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq davam etdirilir.
"Rebuild Karabakh" sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcəkdir.
Ətraflı məlumatı sərgiyə aid sosial şəbəkə hesablarından və rəsmi internet saytlarından əldə etmək mümkündür: www.rebuildkarabakh.az
Renewables.az "Rebuild Karabakh" sərgisinə rəsmi media dəstəyi göstərir.
Rəylər (0):