Dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlıq çərçivəsində “Peşə öyrən, işsiz qalma” devizi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarının aktual istiqamətləri üzrə peşə hazırlığı kursları təşkil edilir.
"Berpaolunanenerji.az" quruma istinadən xəbər verir ki, bu dəfə agentlik “GLE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə “bərpaolunan enerji avadanlıqlarının quraşdırıcısı” və “külək turbinlərinin quraşdırıcısı” istiqamətləri üzrə peşə hazırlığı kurslarının təşkilinə başlayır.
Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə fotovoltaik sistemin qurulması, planlama mərhələsində qabaqlayıcı tədbirlər və fotovoltaik sistemi qurarkən müxtəlif interfeys problemlərinin aşkarlanması, külək enerjisi, külək turbinlərinin elektrik və mexaniki aspektləri, o cümlədən külək turbinlərinin komponentləri, müxtəlif konsepsiyaları, külək parklarının planlaması, reallaşdırma, istismarı və servisi haqqında ətraflı məlumatlar veriləcək. Dərslər praktiki və nəzəri formada təşkil ediləcək.
Kursu müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.
Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Rəylər (0):