Bəxtiyar Aslanbəyli: "Şəfəq" GES layihəsi üzrə danışıqlar artıq yekunlaşmaq üzrədir"

image

Cəbrayılda 240 meqavat gücündəki “Şəfəq” günəş elektrik stansiyası (GES) layihəsi üzrə danışıqlar artıq yekunlaşmaq üzrədir.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında BP-nin Xəzər regionu üzrə kommunikasiyalar və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, bütün mümkün hazırlıq prosesləri bitmək üzrədir: “Ümid edirik ki, son məqamlar olan texniki və kommersiya işləri də bitdikdən sonra yaxın zamanda bu layihənin yekun investisiya qərarını elan edə biləcəyik”.

B.Aslanbəyli, həmçinin bildirib ki, BP neft-qaz layihələri ilə bərabər bərpaolunan enerji istiqamətində də öz strategiyasında əsaslı dəyişikliklər edir: “Yeni strategiyamız bu iki ənənəvi - neft-qaz resursları və yeni bərpaolunan enerji resursları arasında seçim etmək deyil, hər iki istiqamətdə fəaliyyətimizi davam etdirməkdir. Bu istiqamətdə də işlərimiz paralel şəkildə həyata keçirilir. Azərbaycandakı fəaliyyətimiz isə bunun ən gözəl nümunəsidir”.

Xatırladaq ki, 2021-ci ilin iyunun 3-də Energetika Nazirliyi və BP arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair icra müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.

2022-ci il iyunun 4-də Energetika Nazirliyi və BP arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb.

Belə ki, bu sənəd "Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *