Beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə bərpa olunan enerji vebinarları keçiriləcək

image

Təşkilatçı tərəfindən "Berpaolunanenerji.az"a verilən məlumata görə, 23-25 aprel tarixlərində baş tutacaq ödənişsiz "Renewable Energy World" vebinarları beynəlxalq professiyonallar və tələbələr üçün nəzərdə tutulmuşdur. Tədbirdə bərpa olunan enerjinin strateji, qanuni, texniki və təhsil aspektlerindən bəhs ediləcək. Qeyd olunan mövzuları əhatə etmək üçün alternativ enerji sahəsində lider, mütəxəssis kimi fəaliyyət göstərən və ya təhsil alan 6 qonaq dəvət olunmuşdur. Neft-qaz mühəndisləri cəmiyyətinin (SPE Azerbaijan) bu vebinar seriyasını təşkil etməkdə məqsədi regiondakı üzvlərini bərpa olunan enerji sahəsi barədə maarifləndirmək və həvəsləndirməkdir.

23 aprel saat 17:00-da "Uğurlu bərpa olunan enerji inkişafının strateji və texniki drayverləri" mövzusu ilə 30 ildən çox təcrübəsi olan bərpa olunan enerji sahəsində rəhbər vəzifəli Bilen Ham çıxış edəcək. Bilen dənizdə və quruda külək turbinləri, günəş panelləri, hidrogen enerjisi və enerji saxlanması haqda qısa informasiya verdikdən sonra bərpa olunan enerji layihələrinin mərhələləri barədə danışacaq.

24 aprel saat 12:00-da "Gələcəyin qurucuları: gənclər üçün inkişaf yolu” mövzusu ilə bağlı "Bərpa olunan Enerji Cəmiyyəti"nin (SRE) yaradıcısı Zagi Berian məruzə edəcək. Zagi Berian enerji sahəsində aktual olan bilik və bacarıqlar, tələbələr üçün inkişaf strategiyası və "SRE" təşkilatının əsasını qoyması barədə məlumat bölüşəcək.

24 aprel saat 14:00-da "Bərpa olunan enerji və yaşıl texnologiyalar" mövzusunda enerji səmərəliliyi şöbəsində baş məsləhətçi çalışan Elçin Tarquluyev çıxış edəcək. Elçin müxtəlif enerji növlərinin texniki tərəflərini, üstünlük və çatışmazlıqlarını izah etdikdən sonra enerji saxlanması və şəbəkə sistemi haqda danışacaq.

24 aprel saat 18:00-da "Gələcəyini bərpa olunan enerji sahəsində formalaşdır" başlığı ilə "EIT InnoEnergy" magistratura proqramının tələbəsi Cəmil İsmayılzadə çıxış edəcək. Cəmil "EIT InnoEnergy"nin magistratura proqramına daxil olan universitetlər və ölkələr barədə məlumat verdikdən sonra bu proqram üzrə qəbul və təhsil təcrübəsini bölüşəcək.

25 aprel saat 12:00-da "Davamlılığa keçid: şirkətlər üçün strategiyalar və vasitələr" mövzusunda 10 ildən çox təcrübəli, müstəqil mütəxəssis Kristiano Fransis məruzə edəcək. Kristiano böyük korporasiyalar tərəfindən istifadə edilən davamlılıq yanaşmalarından bəhs etdikdən sonra bərpa olunan enerjiyə keçmiş şirkətlərdən nümunələr gətirəcək.

25 aprel 14:00-da "Bərpa olunan enerjini necə hərtərəfli səmərəli etməli" başlığı ilə 20 ildən çox təcrübəsi olan davamlılığın artırılması üzrə mütəxəssis Çingiz Orucov təqdimat edəcək. Çingiz təbii sərvətlərlə zəngin ölkələrdə bərpa olunan enerjinin gücləndirilməsi təşəbbüslərindən danışacaq, yaşıl enerjinin sağlamlıq və ətraf mühit üçün faydalarından bəhs edəcək.

Vebinar ingiliscə keçiriləcək. Qeydiyyatdan keçdikdən sonra elektron poçt vasitəsilə ZOOM linki iştirakçılara göndəriləcək.

Qeydiyyat

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *