2023-cü ildə bərpa olunan enerji mənbələrinə qlobal investisiyalar 8 faiz artaraq 623 milyard ABŞ dolları təşkil edib.
Renewables.az xəbər verir ki, bu barədə BloombergNEF-in "Enerji keçidi investisiyaları trendi 2024" hesabatında bildirilib.
Məlumata görə, bu rəqəm külək, günəş və geotermal elektrik stansiyaları və bioyanacaq istehsalı zavodları kimi bərpa olunan enerji istehsalı müəssisələrinin tikintisinə investisiyaları əks etdirir.
Təmiz enerji keçidi investisiyalarında (bərpa olunan enerji mənbələri, enerji saxlanc sistemləri, elektrikli nəqliyyat vasitələri, nüvə enerjisi, elektrik enerjisi şəbəkələri, təmiz gəmiçilik, təmiz sənaye) ən böyük payı elektrikli nəqliyyat vasitələri tutub. Belə ki, bu sektora investisiyalar 2023-cü ildə 36 faiz artaraq 634 milyard ABŞ dollarına çatıb. Elektrik enerjisi sektoruna illik investisiyalar isə 310 milyard ABŞ dolları təşkil edib.
Hesabatda bildirilir ki, 2023-cü ildə aşağı karbonlu enerji keçidinə investisiyalar ümumilikdə 17 faiz artaraq 1,77 trilyon ABŞ dolları olub. Bunun 38 faizi və ya 676 milyard ABŞ dolları Çində reallaşıb. Avropa İttifaqı, ABŞ və Böyük Britaniyada aşağı karbonlu enerji keçidinə investisiyalar 718 milyard ABŞ dolları təşkil edib. Təkcə ABŞ-də bu rəqəm 22 faiz artaraq 303 milyon ABŞ dolları təşkil edib.
Təmiz enerji təchizatı zəncirinə investisiyalar 2023-cü ildə qlobal miqyasda 135 milyard ABŞ dolları təşkil edib və 2025-ci ilə qədər 259 milyard ABŞ dollarına qədər yüksələ bilər.
Rəylər (0):