Cavid Abdullayev: “Qarabağda istehlak olunacaq hər bir meqavat-saat yalnız bərpa olunan enerji mənbələrindən əldə olunacaq”

image

Qarabağ və Şərqi Zəngəzurda istehlak olunacaq hər bir meqavat-saat enerji yalnız bərpa olunan enerji mənbələrindən əldə olunacaq.

Renewables.az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Report”a müsahibəsində bildirib.

O xatırladıb ki, işğaldan azad olunmuş ərazilər Yaşıl Enerji Zonası elan edilib: “Beynəlxalq məsləhətçi şirkətin cəlb olunması ilə həmin ərazilər üçün Yaşıl Enerji Zonası konsepsiyası hazırlanıb. Ona əsaslanan Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planı tam şəkildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na daxil edilib. Bütün tədbirlər orada öz əksini tapıb və Dövlət Proqramının icrası çərçivəsində bu proseslərə baxılır”.

C.Abdullayev qeyd edib ki, ictimai binaların günəş panelləri ilə təchiz olunması, yolların və küçələrin işıqlandırılmasında bərpa olunan enerji mənbələri əsaslı avadanlıqlardan istifadə, bununla yanaşı dayanacaqlarda və digər "yaşıl enerji" konseptləri də nəzərdə tutulur: “Qazlaşmayan binalarda isə təbii ki, artıq istilik enerjisinin alınması üçün müəyyən qurğuların quraşdırılması və isti su alınması üçün müəyyən yanaşmaların tətbiqi nəzərdə tutulur. Bütün bu prosesləri əlaqələndirmək və monitorinqini aparmaq üçün xüsusi İşçi Qrupu yaradılıb. Həmin İşçi Qrupun katibliyi də Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən aparılır”.

Onun sözlərinə görə, eyni zamanda, bütün ərazilərdə artıq monitorinq planı təsdiq olunub: “Ötən ilin ikinci yarısından başlayaraq monitorinqlər aparılıb. "Yaşıl texnologiyalar"ın tətbiqi üzrə hər bir monitorinq aparılmış yaşayış məntəqəsi ilə bağlı xüsusi ballar çıxarılıb. Onlar təsnifləşdirilib və hər birində müsbət həllər digərlərinədə təqdim olunub".

C.Abdullayev əlavə edib ki, Energetika Nazirliyinin rəhbərliyi ilə Əlaqələndirmə və Monitorinq İşçi Qrupu hər rübdə bir dəfədən az olmayaraq toplanır: "Orada bu məsələlər müzakirə olunur və hardasa çatışmazlıqlar və yaxud prosesin içində ləngimələr varsa, müəyyən olunur və təcili şəkildə aradan qaldırılır ki, işğaldan azad olunmuş ərazilər tam şəkildə Yaşıl Enerji Zonasına çevrilsin. Bizim Qarabağ və Şərqi Zəngəzurda kifayət qədər enerji potensialımız var. İstər “Xudafərin”, “Qız qalası” su elektrik stansiyaları olsun, istərsə də BP şirkəti ilə həyata keçirilən 240 MVt gücündə olan Cəbrayıldakı “Şəfəq” layihəsi olsun, digər layihələr də gündəmdədir. Yəqin ki, bu il onlarla da bağlı ciddi məlumatlara şahidlik edəcəyik. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə "yaşıl texnologiyalar"ın tətbiqi çox uğurla gedir”.

Cavid Abdullayevin geniş müsahibəsini buradan oxuya bilərsiniz.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *