Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmçinin Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcək. Bundan başqa, cari ildə “yaşıl enerji” siyasəti ilə bağlı bir sıra yeniliklərin olacağı gözlənilir. Şərqi Zəngəzur və Naxçıvanda bir sıra hədəflərə nail olunması qarşıda durub. Bütün bunları nəzərə alaraq Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Report”a müsahibəsində ötən il həyata keçirilən və qarşıda duran planlarla bağlı danışıb.
Renewables.az həmin müsahibəni təqdim edir.
- Cavid müəllim, ilk olaraq istərdik maraqlanaq, yola saldığımız 2023-cü ili Azərbaycanda “yaşıl enerji” sektorunun inkişafı istiqamətində görülən işləri necə qiymətləndirirsiniz? Ötən il bu sahə hansı əlamətdar hadisələrlə yadda qalıb?
- Təbii ki, ən böyük əlamətdar hadisə Azərbaycan Prezidentinin iştirakı ilə 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyasının (GES) istismara verilməsi idi. Bildiyiniz kimi, həmin GES MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyadır. Bu baxımdan bu tədbirin əhəmiyyətini mən xüsusi olaraq qeyd etmək istərdim.
Keçən il elə həmin tədbirdə bir çox yeni layihələrin əsası qoyuldu. Üç yeni layihə ilə bağlı imzalanmış müqavilələr – “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq günəş elektrik stansiyası, Biləsuvarda 445 MVt-lıq günəş elektrik stansiyası və bir də Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyasıdır ki, bu da ümumilikdə 1 qiqavat bərpa olunan enerji mənbəyinin istismara verilməsini özündə ehtiva edir.
Eyni zamanda, bir sıra yeni investorlarla müqavilələr olub. Mən bunların hamısının bir-bir adını çəkmək istəməzdim. İmzalanan pilot layihələrlə bağlı işlər çox uğurla davam edib. Eyni zamanda, normativ hüquqi bazanın formalaşdırılması ilə bağlı çox önəmli tədbirlər olub.
Bilirsiniz ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun var və bu qanundan irəli gələn 4 alt qanunvericilik aktı təsdiq olunub. Bunların içərisində ən önəmlisi kimi istərdim ki, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunan “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nı qeyd edim. Həmin qayda birmənalı olaraq bu bağlanan müqavilələr, keçiriləcək hərraclarla bağlı hüquqi çərçivəni müəyyən edir və bizim növbəti investorlarla fəaliyyətimizdə çox böyük önəm kəsb edir. Eyni zamanda, aktiv istehlakçıların dəstəklənməsi və "yaşıl" sertifikatlarla bağlı qaydaları qeyd etmək istərdim. Bildiyiniz kimi, bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi formalaşdırılıb, artıq istifadəyə verilib, onun əsasnaməsi də təsdiq olunub. Bütün bunlar da normativ hüquqi baza baxımından çox mühüm əhəmiyyət kəsb edib.
İnstitusional olaraq Azərbaycan Prezidenti tərəfindən Dövlət Agentliyinin əməkdaşlarının sayının artırılması barədə Fərman imzalanıb. İndiyə qədər əməkdaşlarımızın sayı 40 nəfər idisə, bundan sonra 60 nəfərlə fəaliyyətimizi davam etdirəcəyik.
Eyni zamanda, ixrac potensialımızın gücləndirilməsi ilə bağlı ciddi işlər görülüb. Belə ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli müqavilənin həyata keçirilməsi ilə bağlı işlər görülüb, tender keçirilib və tender nəticəsində artıq qalib şirkətlə bu ilin ilk günlərində müqavilə imzalanıb və ixrac xətlərinin biri ilə bağlı da ciddi, önəmli işlər həyata keçirilir.
Ötən il çoxlu sayda tədbirlər olub. O cümlədən Naxçıvanda “yaşıl enerji” ilə bağlı keçirilən tədbiri xüsusi qeyd etmək istərdim. Keçən ilin əvvəllərində artıq “yaşıl enerji” ilə bağlı ilk Yaşıl Enerji Məşvərət Şurasının keçirilməsinin şahidi olduq. Bu da yəqin ənənə halını alacaq və bu proseslər davam edəcək. Bu baxımdan bütün spektr üzrə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində önəmli nailiyyətlərə imza atılıb. Bu baxımdan, təbii ki, 2023-cü il olduqca uğurlu olub.
- Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi bu il üçün hansı işləri görəcəyini planlaşdırıb?
- Təbii ki, “yaşıl enerji” sahəsində işləyən mütəxəssislərin hər birini bu məsələ xeyli sevindirib. Dövlət Agentliyi olaraq biz də həyata keçiriləcək tədbirləri formalaşdırmaq üzərində işləyirik. Bir neçə layihə üzrə təməlqoyma nəzərdə tutulub. Bu, bizim irimiqyaslı işlərimizdir. Eyni zamanda, dediyim kimi, qəbul olunmuş qanunvericilik aktlarının implementasiyası istiqamətində ciddi işlərimiz planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı tədbirlər davam etdiriləcək. Naxçıvanla bağlı imzalanan müqavilələrin artıq həyata keçirilməsi istiqamətində, eyni zamanda, Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı istiqamətində də çox ciddi şəkildə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
- Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcək. Bununla bağlı hansı işlər görülür?
- Təbii ki, bu çox ciddi, önəmli bir tədbirdir və miqyasına görə heç də BMT-nin Baş Assambleyasından geri qalmayan bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun ən bariz göstəricilərindən biridir. Qeyd edə bilərik ki, BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyümüz, eyni zamanda Qoşulmama Hərəkatında sədrliyimizlə paralel, bu, Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir. Bizim hazırkı planlarımızda olan istehsal həcmlərinin artması bizə xaricdə, daha çox Avropada “yaşıl enerji”nin alıcılarının müəyyənləşdirilməsi istiqamətində qarşımıza çox ciddi hədəflər qoyur və bu oyunçuların hər biri həmin tədbirdə iştirak edəcək. Təbii ki, bununla bağlı da bizim planlarımız var və Azərbaycanın “yaşıl enerji” sahəsində investisiya cəlbediciliyini təqdim etmək üçün çox gözəl bir platforma olacaq. Bu, sıradan bir konfrans olmayacaq. O kifayət qədər qlobal foruma çevrilməyi vəd edir və qlobal forum çərçivəsində də təbii ki, bizim geniş imkanlarımız olacaq ki, həyata keçirdiyimiz layihələri təqdim edək, yeni layihələri müəyyən edək və ən əsası isə ixrac marşrutlarımızın uğurunu təmin edək.
- Cavid müəllim, bu günlərdə dərc edilən Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd edilib ki, 2040-cı ilə qədər Bakının Ələt, Lökbatan, Sabunçu və Mərdəkan alt-mərkəzlərində ümumi ərazisi 2 650 hektar, qoyuluş gücü 1 200 MVt olan bir külək və üç günəş elektrik stansiyasının inşası təklif olunur. Bu işlərə artıq başlanıbmı?
- Baş plan mənim üçün doğma bir sənəddir. Mən bu və ya digər formada 2015-ci ildən Bakı şəhərinin Baş planın hazırlanmasında, işçi qruplarında müxtəlif səviyyələrdə təmsil olmuşam. “Yaşıl enerji” ilə bağlı qeyd edim ki, Baş plan əsasən konseptual xarakter daşıyır və orada konseptual əsaslar müəyyən olunur və ondan sonra növbəti planlaşdırma mərhələlərində digər sənədlər müəyyən olunur. Baş plan uzun müddət idi müzakirə olunurdu, onun qəbul olunmasında ləngimələr var idi. Amma buna baxmayaraq, oradakı konsepsiyalardan biz xəbərdar idik. Adı çəkilən ərazilərdən biri elə Qaradağ rayonun Ələt qəsəbəsidir ki, orada “Masdar” şirkəti artıq stansiya tikib.
İkinci ərazi ilə bağlı deyə bilərəm ki, Nazirlər Kabineti ötən ilin son günlərində bərpa olunan enerji mənbələri ərazisi kimi elan etdiyi 300 hektar torpaq ayırıb. Təbii ki, o ərazilər mərhələli şəkildə tərəfimizdən öyrənilir. Onların bərpa olunan enerji mənbələri əraziləri kimi istifadəsinin müsbət və mənfi tərəfləri də var. Bu ərazilər müəyyən orqanlarla razılaşdırılmalıdır, bunun üçün müəyyən orqanların razılıqları alınmalıdır. Yəni mərhələlərlə bu ərazilərin hər birində müvafiq olaraq günəş və külək layihələri həyata keçirmək niyyətindəyik.
Həmçinin, orada neftlə çirklənmiş ərazilərdən ibarət 3 300 hektar ehtiyat sahələri müəyyən olunub. Onlar da hazırda tərəfimizdən tədqiq olunur, investorlara təklif olunur və öyrənilir. Bu baxımdan biz artıq Baş plan qəbul olunmamışdan onu həyata keçirməyə başlamışıq və sevindirici hadisədir ki, artıq dediyim kimi, 2 böyük ərazi tam şəkildə razılaşdırılıb və bərpa olunan enerji mənbələri ərazisi kimi təsbit olunub.
- Ötən il BOEMDA ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında keçirilən görüşlərdə bərpa olunan enerji layihələri, dənizdə külək enerjisi, hidrogenin də müxtəlif ixrac marşrutları istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub. Hazırda hansı layihələrdə IFC-nin iştirakı planlaşdırılır?
- Hazırda bizim IFC tərəfindən aparılmış ən əsas işimiz və ən böyük potensialımız müəyyən olunmuş Xəzər dənizidir ki, orada 157 qiqavat külək potensialı müəyyənləşdirilib və o külək potensialının reallaşdırılması istiqamətində əhəmiyyətli işlərə başlanılıb. Açığını deyim ki, dənizdə bu işləri aparmaq və onları razılaşdırmaq yeni yanaşmalar, yeni baxışlar tələb edir. O baxımdan IFC həmin layihələrin davam etdirilməsi, bəlkə də gələcəkdə dənizdə külək layihələri üçün hərracların keçirilməsində bizə dəstək verməyə hazırdır. Bizə bu istiqamətdə müəyyən məsləhətçi və texniki tərəfdən, həmçinin IFC-nin maliyyə dəstəyi maraqlı ola bilər.
- Ötən il “yaşıl enerji” sektoru üzrə bir sıra qanunvericilik aktları qəbul olunub. Onların sektorun inkişafında rolu necə olacaq?
- Qanunvericilik aktlarının sektorun inkişafına çox mühüm təsirləri var. Qeyd etdiyim kimi, bərpa olunan enerji mənbələri ərazisində istehsalçının seçimi qaydası müəyyən mənada oyun qaydalarını müəyyən edir. Yəni, bildiyiniz kimi, müvafiq qanuna əsasən, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində iki üsul tətbiq oluna bilər. Həm hərraclar üsulu ilə, həm də strateji və vacib layihələr üçün birbaşa cəlb etmə yolu ilə müqavilələr imzalana bilər. Onların hər ikisində hüquqi prosedur bu dediyim qaydada ölkə başçısı tərəfindən müəyyən olunub və artıq imzalanacaq müqavilələrin məzmunu ilə bağlı xüsusi bəndlər var. Bu da bizim işimizi asanlaşdırır. Eyni zamanda, investora tam açıq şəkildə siqnal verir ki, əgər onlar Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsindən istifadə etmək istəyirlərsə, bu qaydada bütün şərtlər, imzalanacaq sənədlər müəyyən olunub və ölkədə bu sahənin investisiya cəlbediciliyi birmənalı şəkildə çox yüksək bir səviyyəyə qaldırılıb.
İkincisi, “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”dır. Bu il qarşımızda duran ən əsas məsələ o qayda ilə təbliğat, təşviqat işlərinin dərinləşdirilməsidir. Hər bir Azərbaycan vətəndaşı öz fərdi evində günəş panelləri və yaxud müəyyən texniki şərt əsasında kiçik külək qurğuları quraşdıra bilər. Öz istehlakından artıq qalan enerjini şəbəkə ilə balanslaşdıra bilər, yəni əvəzləşdirə bilər. Eyni zamanda ilin sonunda artıq qalan enerjini şəbəkəyə satıb vəsaiti şəbəkədən öz kartına ala bilər. Bu da olduqca mühüm və artıq vətəndaş səviyyəsində bərpa olunan enerji mənbələrinin yayılmasına dəstək verən bir işdir.
İnformasiya sisteminin əsasnaməsi təbii ki, vacib idi, o da qəbul olunub. Dördüncü sənəd isə “yaşıl sertifikat”larla bağlıdır. Yəqin ki, bu COP29-un Bakıda keçirilməsi ilə bağlı bu "yaşıl sertifikat"lar bazarının formalaşdırılması və sairə istiqamətlərdə də ciddi irəliləyişlər olmalıdır.
Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, bizim sənaye miqyaslı müqavilələrdə "yaşıl sertifikat"larla bağlı müəyyən müddəalar var. Artıq onların monetizasiyası abstrakt bir şey deyil və “Masdar”ın istifadəyə verilən stansiyasından əldə olunan sertifikatlardan da Azərbaycan tərəfi faydalanacaq.
- Cavid müəllim, ümumiyyətlə belə bir statistik rəqəmlər varmı ki, istehsalçıya ayrı-ayrılıqda günəş, külək və sair enerjinin bir kilovatı neçəyə başa gəlir?
- Bugünkü gündə imzalayıb həyata keçirdiyimiz bir layihə var. Bu layihəyə əsasən, Tarif Şurasının günəş elektrik enerjisi üçün təsdiq etdiyi tarif 5,7 qəpikdən ucuzdur. Növbəti layihələr də olacaq. Hər bir layihənin öz dəsti-xətti var amma ilk müqavilə Tarif Şurasının müəyyən etdiyi qiymət çərçivəsindədir.
- “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası ilə bağlı hansı işlər görülür?
- Bu sazişlə bağlı birinci onu qeyd edim ki, orada iki mexanizm müəyyən olunub. Birincisi, nazirlər səviyyəsində görüşlər keçirilir. Ötən il 5 təşkil olunub. Bakıda iki görüş və digər ölkələrin hər birində bir görüş, ümumilikdə beş görüş keçirildi. Həmin rəhbər Komitənin Katibliyi bizim Dövlət Agentliyi tərəfindən aparılır və biz bütün proseslərə bu və ya digər formada cəlb olunmuşuq. Hazırda ötürücü operatorların iştirakı ilə birgə müəssisənin yaradılması ilə bağlı qərar qəbul olunub. Həmçinin, texniki tapşırıq təsdiq olunub.
Dediyim kimi, həmin layihənin texniki-iqtisadi əsaslandırılması və ondan sonrakı tender sənədlərinin hazırlanması üçün şirkət seçilib. Onunla müqavilə imzalanıb və bu il ərzində texniki-iqtisadi əsaslandırmanın hazırlanması üzərində intensiv şəkildə işləməliyik. Xəzər dənizindən Qara dənizin dibindən keçmək şərti ilə Avropaya ixrac xəttinin müəyyənləşdirilməsi olduqca kompleks bir məsələdir, çoxlu tədqiqatlar tələb edir. Ona görə də, bu sahədə bu il işimiz çox həcmli olacaq. Eyni zamanda, bildiyiniz kimi, ötən ilin sonlarında Mərkəzi Asiya ölkələri də bu layihəyə qoşulmaq təşəbbüsü irəli sürüb. Artıq bununla da bağlı sənəd imzalandı və o istiqamətdə də işlərə artıq başlanılıb. Avropa istiqamətində olan təcrübələr də bu prosesə gətirilməlidir. Bu prosesə kompleks baxılmalıdır. Ona görə həmin layihə bizim bugünkü fəaliyyətimizin ən əsas prioritetlərindən birini təşkil edir.
- Qarabağ və Şərqi Zəngəzurda Yaşıl Enerji Zonasının yaradılması istiqamətində hansı işlər görülür?
- Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilər Yaşıl Enerji Zonası elan edilib. Beynəlxalq məsləhətçi şirkətin cəlb olunması ilə həmin ərazilər üçün Yaşıl Enerji Zonası konsepsiyası hazırlanıb, məqbul hesab olunub. Ona əsaslanan Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Sevindirici hallardan biri odur ki, Tədbirlər Planı tam şəkildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na daxil edilib. Bütün tədbirlər orada öz əksini tapıb və Dövlət Proqramının icrası çərçivəsində bu proseslərə baxılır.
İctimai binaların günəş panelləri ilə təchiz olunması, yolların və küçələrin işıqlandırılmasında bərpa olunan mənbələri əsaslı avadanlıqlardan istifadə, bununla yanaşı dayanacaqlarda və digər "yaşıl enerji" konseptləri də nəzərdə tutulur. Qazlaşmayan binalarda isə təbii ki, artıq istilik enerjisinin alınması üçün müəyyən qurğuların quraşdırılması və isti su alınması üçün müəyyən yanaşmaların tətbiqi nəzərdə tutulur. Bütün bu prosesləri əlaqələndirmək və monitorinqini aparmaq üçün xüsusi İşçi Qrupu yaradılıb. Həmin İşçi Qrupun katibliyi də Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən aparılır.
Eyni zamanda, bütün ərazilərdə artıq monitorinq planı təsdiq olunub. Keçən ilin ikinci yarısından başlayaraq monitorinqlər aparılıb. "Yaşıl texnologiyalar"ın tətbiqi üzrə hər bir monitorinq aparılmış yaşayış məntəqəsi ilə bağlı xüsusi ballar çıxarılıb. Onlar təsnifləşdirilib və hər birində müsbət həllər digərlərinədə təqdim olunub. Xüsusi olaraq Energetika Nazirliyinin rəhbərliyi ilə Əlaqələndirmə və Monitorinq İşçi Qrupu hər rübdə bir dəfədən az olmayaraq toplanır. Orada bu məsələlər müzakirə olunur və hardasa çatışmazlıqlar və yaxud prosesin içində ləngimələr varsa, müəyyən olunur və təcili şəkildə aradan qaldırılır ki, işğaldan azad olunmuş ərazilər tam şəkildə Yaşıl Enerji Zonasına çevrilsin. Birmənalı olaraq orada istehlak olunacaq hər bir meqavat-saat enerji yalnız bərpa olunan enerji mənbələrindən əldə olunacaq. Bizim Qarabağ və Şərqi Zəngəzurda kifayət qədər enerji potensialımız var. İstər “Xudafərin”, “Qız qalası” su elektrik stansiyaları olsun, istərsə də BP şirkəti ilə həyata keçirilən 240 MVt gücündə olan Cəbrayıldakı “Şəfəq” layihəsi olsun, digər layihələr də gündəmdədir. Yəqin ki, bu il onlarla da bağlı ciddi məlumatlara şahidlik edəcəyik. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə "yaşıl texnologiyalar"ın tətbiqi çox uğurla gedir.
- Bununla yanaşı Naxçıvanda da Yaşıl Enerji Zonası yaradılır. Potensiala uyğun olaraq burada hansı həcmdə "yaşıl enerji" mənbələri yaradılacaq və hansı dövrədək bu zonanın yaradılması nəzərdə tutulur?
- Hazırda Naxçıvanla bağlı xüsusi konsepsiyanın işlənməsi üçün texniki tapşırıq tərəfimizdən hazırlanıb. Beynəlxalq məsləhətçi şirkətin seçimi ilə bağlı işlər gedir. Bununla yanaşı, xüsusi olaraq qeyd etmək lazımdır ki, "yaşıl enerji" sahəsi ilə bağlı Naxçıvan xüsusi üstünlüklərə malikdir. Günəş enerjisindən əldə olunan elektrik enerjisinin balanslaşdırılması məqsədilə istifadə edilə biləcək külək potensialı da mövcuddur. Eyni zamanda yaxınlıqda Türkiyə kimi böyük bir bazar var və oraya ixrac imkanları nəzərdən keçirilir. Çoxlu sayda texniki məsələlər müzakirə olunmalıdır, Azərbaycanın ötürücü sistem operatoru ilə qardaş ölkənin müvafiq qurumu arasında müqavilələr bağlanıb.
İstehsalı təmin etmək üçün müxtəlif şirkətlərlə müqavilələr imzalamışıq. Torpaq sahələrinin müəyyənləşdirilməsi işləri demək olar ki, yekunlaşmaq üzrədir və bundan sonra növbəti mərhələyə, yəni icra müqavilələrinə və investisiya müqavilələrinin imzalanmasına şahidlik edəcəyimiz günü səbirsizliklə gözləyirik. Yəqin ki, tez bir zamanda bərpa olunan enerji mənbələrindən istehsalla paralel Yaşıl Enerji Zonası üçün xas olan digər elementlərinin də Naxçıvan Muxtar Respublikasında tətbiqinə şahidlik edəcəyik.
- Xızı-Abşeron KES-in tikintisi hansı mərhələdədir?
- Bu layihə çərçivəsində geoloji tədqiqatlar yekunlaşıb, sahəyə turbinlərin gətirilməsi üçün yolların marşrutları müəyyənləşdirilib. Hazırda son razılaşdırma mərhələləri gedir. Bildiyiniz kimi, orada relyef mürəkkəbdir, kommunikasiyalar çoxdur. Ona görə razılaşdırma prosesi çox vaxt tələb edir. Turbinlərin hazırlanması ilə bağlı istehsalçı tərəfindən işlərə başlanılıb. Biz ümid edirik ki, çox tez bir zamanda Azərbaycanda sənaye miqyaslı böyük bir müasir külək stansiyasının tikintisinin başa çatması barədə məlumatları verəcəyik. Ancaq bu proses çox uzun prosesdir. Xüsusən də son geosiyasi və logistika məsələləri xüsusi mürəkkəblik gətirir. Mümkün olan bütün tədbirlər görülür ki, qlobal miqyaslı neqativ təsirləri aradan qaldırılsın və külək elektrik stansiyası mümkün qədər tez bir müddətdə istismara verilsin.
- Həyata keçirilən layihələrdə əsasən xarici şirkətlər iştirak edir. Azərbaycanda “yaşıl enerji” sahəsinə yerli şirkətlərin marağı varmı? Ümumiyyətlə bu sahəyə investisiya yatırmaq üçün yeni təkliflər təqdim edilibmi?
- Təbii ki, var. Bilirsiniz ki, bu layihələr kifayət qədər böyük layihələrdir və böyük maliyyə vəsaitləri tələb edir. Amma mən tam əminliklə deyə bilərəm ki, bu il ərzində Azərbaycan şirkətlərinin də bu və ya digər formada “yaşıl enerji” layihələrində iştirakına şahidlik edəcəyik. Mən adlar çəkmək istəmirəm. Yalnız bir şirkətdən başqa. Deyə bilərəm ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir çox layihələrdə iştirak edir. Amma digər şirkətlərin iştirakının da yaxın vaxtlarda şahidi olacağıq.
Əlavə olaraq onu da deyim ki, bütün bu işlər hamısı çox ciddi tədqiqatlara, təhlillərə əsaslanır. Ümumiyyətlə, bərpa olunan enerji mənbələrindən istifadə iki qlobal məsələnin həllini özündə ehtiva edir. Digərləri isə standart xarakteri daşıyır. Bunlardan biri torpaq sahələrindən səmərəli istifadəsidir. Yəni, torpaqlar gərək yararsız olsun, kənd təsərrüfatı təyinatlı olmasın və bu sahə üçün problemlər yaratmamalıdır. İkincisi də biz gərək bu şəbəkə problemlərimizi həll edə bilək. Çünki şəbəkəmiz o qədər də böyük deyil. Tələbatımız o qədər də böyük deyil. Bu qədər böyük həcmdə bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası mümkün deyil. Hətta onların bir hissəsinin şəbəkəyə inteqrasıyası ciddi təhlillər tələb edir və bu baxımdan dünyanın çox qabaqcıl məsləhətçi şirkətləri Azərbaycan şəbəkəsini öyrəniblər, öz təkliflərini veriblər.
Biz bilirik ki, nə qədər həcmdə bərpa olunan enerji mənbələri şəbəkəyə inteqrasiya oluna bilər. Bu şirkətlər arasında ABŞ-ın “Tetra Tech” şirkətini qeyd edə bilərəm. Eyni zamanda qardaş Türkiyədən olan “EPRA” şirkətini qeyd edə bilərəm. İndi Dünya Bankının maliyyə dəstəyi ilə İtaliyanın məşhur “CESI” şirkəti də bu layihələrin təhlilinə, şəbəkə imkanlarının təhlilinə qoşulub. Şəbəkənin gücləndirilməsi və bərpa olunan enerjinin maksimal həcmlərinin ora inteqrasiyası ilə bağlı xüsusi proqramlar üzərində işlər gedir. Yəni əsas məsələlər odur ki, hər kəs həyata keçirdiyimiz layihələrin fəlsəfəsini anlamalıdır. Bu investorlara da aiddir, təbii ki, daxili istifadə üçün bu məlumat vacibdir. Həyata keçirdiyimiz bu məsələlər ciddi şəkildə aparılmış təhlillərə əsaslanır. Yəni bunlar sistemli xarakter daşıyır və sistemli olaraq idarə olunur.
Rəylər (0):