“Elektromobillik üzrə Milli Planın hazırlanması” İşçi Qrupunun növbəti iclası keçirilib

image

“Elektromobillik üzrə Milli Planın hazırlanması” tapşırığının icrasının təmin edilməsi məqsədilə Energetika Nazirliyinin Əmri ilə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

Renewables.az bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, iclası giriş sözü ilə açan BOEMDA-nın direktoru Cavid Abdullayev Milli Planın hazırlanmasından irəli gələn tapşırıqlara uyğun olaraq, elektromobilliyə keçidin sürətləndirilməsinin və normativ hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə zəruri tədbirlər davam etdirilir.

BOEMDA-nın Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova görülmüş işlər və cari vəziyyət barədə məlumat verib. Milli Planın hazırlanmasına cəlb olunan “Turan Energy” şirkəti tərəfindən hazırlanmış normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair fəaliyyət planı üzrə təkliflər müzakirə edilib. Həmçinin ölkə üzrə enerji doldurma infrastrukturuna dair inkişaf modelləri ilə əlaqədar rəy və təkliflər dinlənilib, eləcə də karbon vergisi mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, iclasda İşçi Qrupuna daxil olan və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *