Energetika Nazirliyinin müvafiq əmri ilə yaradılmış “Geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi” üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Renewables.az Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (AREA) istinadla xəbər verir ki, açılış nitqi ilə çıxış edən İşçi qrupun rəhbəri, AREA-nın direktor müavini Kamran Hüseynov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi istiqamətində geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Bildirilib ki, geotermal enerjinin istifadəsinə dair potensialın araşdırması və səmərəli hesab olunan əsas istiqamətlər üzrə pilot layihələrin reallaşması üçün texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması nəzərdə tutulub. Həmçinin qeyd olunub ki, geotermal enerji sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və geotermal enerjidən istifadə sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi məqsədilə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) idarəçiliyi ilə fəaliyyət göstərən Qlobal Geotermal Alyansa üzv olmaqla bağlı müraciət edilməsi istiqamətində işlər görülür. İşçi qrupun üzvləri birinci yarımil ərzində geotermal enerjidən ölkə üzrə istifadəsi istiqamətində görülən işlər barədə məlumat verib.
İclas zamanı geotermal enerjinin istifadəsinə dair potensialın araşdırması və səmərəli hesab olunan əsas istiqamətlər üzrə pilot layihələrin reallaşdırılması üçün texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasına dair Texniki Tapşırıq sənədinin müzakirəsi aparılıb.
İclasda İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu, “Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.
Rəylər (0):