Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası üzrə elan edilmiş hərracda iştirakçılarından daxil olmuş təkliflərə baxılması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının ikinci iclası keçirilib.
Renewables.az bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (BOEMDA) istinadən xəbər verir.
Açılış nitqi ilə çıxış edən BOEMDA-nın direktor müavini Kamran Hüseynov ölkəmizdə keçirilən ilk bərpa olunan enerji hərracının prosesi barədə ümumi məlumat verib və hərracın ilk mərhələsinin icra qrafikinə uyğun olaraq irəlilədiyini, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsinin gedişatı, həmçinin nəticələri ilə bağlı komissiya üzvlərini və iclas iştirakçılarını məlumatlandırıb.
Daha sonra çıxış edən AYİB-in və “Synergy” şirkətinin nümayəndələri hərrac prosesinin icra qrafikini bir daha komissiya üzvlərinin diqqətinə çatdıraraq, müraciət etmiş şirkətlər, onların təqdim etdiyi məlumatların ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədində nəzərdə tutulan meyarlar ilə uyğunluğu barədə məlumat veriblər. Çıxışlardan sonra komissiya üzvləri hərrac iştirakçıları tərəfindən təqdim edilmiş sənədləri və məlumatlara dair təqdimatda qeyd edilənləri müzakirə ediblər.
İclasın sonunda komissiya üzvləri şirkətlər tərəfindən təqdim edilən sənədlərin, eyni zamanda məlumatların qiymətləndirilməsini aparıb və təkliflər sorğusu mərhələsində iştirak edəcək hərrac iştirakçılarını müəyyənləşdirib.
Rəylər (0):