IEA: 2023-cü ildə bərpaolunan enerji istehsalı 30 faiz artacaq

image

2023-cü ildə bərpaolunan mənbələrdən qlobal enerji istehsalı 30 faizədək artacaq.

Renewables.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

“Bərpaolunan mənbələrdən qlobal enerji istehsalının 107 qiqavat artacağı gözlənilir ki, bu da bütün tarix boyu ən sürətli sıçrayışdır”, - deyə agentlikdən bildirilib. Mütəxəssislərin proqnozuna görə, 2023-cü ildə yaşıl enerjinin həcmi 440 qiqavatdan çox olacaq.

Hesabata əsasən, bərpaolunan enerjinin üçdə iki hissəsi günəş fotoelektrik qurğularının payına düşəcək. Külək enerjisində artım isə təxminən 70 faiz təşkil edəcək.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, həm bu il, həm də 2024-cü ildə yaşıl enerji istehsalında qlobal artımın 50 faizdən çoxu Çinin payına düşəcək.

Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmaq qərarından sonra alternativ enerji sahəsini inkişaf etdirir. “Qlobal enerji böhranı enerji təminatını daha əlçatan etmək üçün bərpaolunan enerji mənbələrinin həlledici əhəmiyyətə malik olduğunu göstərdi. Hökumətlər artıq onların sürətli tətbiqi üçün səylər göstərməyə başlayıb”, - deyə məruzədə bildirilir.

Hesabatda bildirilir ki, qazıntı yanacağının yüksək maliyyəti və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar günəş və külək enerjisindən istifadəni daha da sürətləndirib. Külək və günəş enerjisi istehsalında artım gələn il Çin və ABŞ-ın ümumi bərpa olunan enerji istehsalına bərabər olan 4500 qiqavata çatacaq. IAE qeyd edib: “Qlobal bərpa olunan güc əlavələri 2023-cü ildə 107 qiqavat artacaq. Dinamik genişlənmə dünyanın əsas bazarlarında baş verir. Bərpa olunan enerji mənbələri Avropanın enerji böhranına reaksiyasında ön sıradadır. Yeni sərmayələr də növbəti iki il ərzində ABŞ və Hindistanda bu sahədə əhəmiyyətli artımlara kömək edir. Bu arada, Çin lider mövqeyini möhkəmləndirir və bu ölkə 2023-2024-cü illərdə bərpa olunan enerji gücünə qlobal əlavələrin demək olar ki, 55 faizini istehsal edəcək”.

IEA-nın icraçı direktoru Fatih Birol bildirib: “Günəş və külək yeni qlobal enerji iqtisadiyyatının sürətlə genişlənməsinə səbəb olur. Bu il dünya elektrik enerjisi sistemlərinə rekord miqdarda bərpa olunan enerji əlavə ediləcək ki, bu da Almaniya və İspaniyanın ümumi enerji tutumundan artıqdır. Qlobal enerji böhranı göstərdi ki, bərpa olunan mənbələr enerji təchizatını nəinki daha təmiz, həm də daha təhlükəsiz və sərfəli etmək baxımından çox mühümdür və hökumətlər onları daha sürətlə tətbiq etməyə səy göstərir. Lakin daha güclü artıma nail olmaq bəzi əsas problemləri həll etmək deməkdir. Siyasətlər dəyişən bazar şəraitinə uyğun olmalı, günəş və küləyin böyük potensialından tam istifadə edə bilməyimiz üçün biz elektrik şəbəkələrini təkmilləşdirməli və genişləndirməliyik”.

Yeni hesabata görə, günəş PV əlavələri bərpa olunan enerji tutumunda bu ilki artımın üçdə ikisini təşkil edəcək və 2024-cü ildə daha da artacaq. Genişmiqyaslı günəş PV zavodlarının genişləndirilməsi daha kiçik sistemlərin böyüməsi ilə müşayiət olunur. Daha yüksək elektrik qiymətləri evlərin damlarında quraşdırılan günəş PV-nin daha geniş istifadəsini stimullaşdırır ki, bu da istehlakçılara enerji xərclərini azaltmağa imkan verir.

Eyni zamanda, bütün günəş PV istehsal seqmentləri üçün istehsal gücünün 2024-cü ilə qədər iki dəfədən çox artaraq 1000 QVt-a çatacağı və Çin, ABŞ, Hindistan və Avropada tədarük diversifikasiyasının artırılacağı gözlənilir. Bu tendensiyalara əsasən, dünya 2030-cu ildən 2050-ci ilə qədər BEA-nın sıfır emissiyalar ssenarisində nəzərdə tutulan illik tələbat səviyyəsini rahat şəkildə ödəmək üçün kifayət qədər günəş PV istehsal gücünə malik olacaq.

2023-cü ildə külək enerjisi əlavələrinin 70 faiz artacağı proqnozlaşdırılır. Daha sürətli artım, əsasən, Çində COVID-19 məhdudiyyətləri və Avropa və ABŞ-da tədarük zənciri problemləri ilə təxirə salınan layihələrin tamamlanması ilə bağlıdır. Bununla belə, 2024-cü ildəki sonrakı artım hökumətlərin daha güclü dəstəyindən asılı olacaq. Günəş PV-dən fərqli olaraq, külək turbinlərinin təchizat zəncirləri ortamüddətli tələbatı qarşılamaq üçün kifayət qədər sürətlə inkişaf etmir. Bu, əsasən əmtəə qiymətlərinin artması və təchizat zəncirindəki çətinliklərlə bağlıdır ki, nəticədə istehsalçıların gəlirləri azalır.

Sonda qeyd edilib ki, külək və günəş enerjisi iqtisadi rentabellik baxımından çox əhəmiyyətlidir. Məsələn, Aİ-də bu mənbələrin qazıntı yanacağı ilə əvəz edilməsi 100 milyard avro vəsaitə qənaət etməyə imkan verib. Bərpa olunan mənbələr olmasaydı, indi Avropa ölkələrində enerji daşıyıcılarının qiymətləri 3 dəfə baha olardı.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *