IEA: Bərpa olunan enerji mənbələrinin qlobal qoyuluş gücü son 20 ildə rekord həddə çatıb

image

2023-cü ildə bərpa olunan enerji mənbələrinin qlobal qoyuluş gücü 50 faiz artaraq son 20 ildə rekord həddə çatıb.

Renewables.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Renewables 2023" hesabatında dərc olunub.

Məlumata görə, bərpa olunan enerji mənbələrinin illik artımı demək olar ki, 510 qiqavat olub və bu da son 22 ildə ən sürətli artım tempidir. Artımın 75 faizi günəş enerjisi hesabına təmin edilib. Bərpa olunan enerji mənbələrində rekord artım Çində qeydə alınıb. Bu ölkədə 2022-ci illə müqayisədə külək enerjisi gücü 66 faiz, günəş enerjisi gücü isə 116 faiz artıb.

Hesabatda qeyd olunur ki, növbəti beş il ərzində dünyada 3 700 qiqavatlıq yeni bərpa olunan enerji gücləri istifadəyə veriləcək. Bərpa olunan enerji istehsalının intensiv artımı 130-dan çox ölkədə həmin sektora geniş siyasi dəstəklə bağlıdır.

Proqnozlara görə, 2024-cü ildə külək və günəş stansiyaları su elektrik stansiyalarından daha çox enerji istehsal edəcək. 2025-ci ildə bərpa olunan enerji istehsalı kömür istehsalını geridə qoyacaq. Külək elektrik stansiyaları 2025-ci ildə istehsala görə atom elektrik stansiyalarını, 2026-cı ildə isə günəş elektrik stansiyalarını geridə qoyacaq. 2028-ci ildə bərpa olunan enerji mənbələri qlobal elektrik enerjisi istehsalının 42 faizdən çoxunu təşkil edəcək.

2028-ci ilin sonunadək dünyada yeni yaşıl enerji güclərinin 60 faizinin Çində quraşdırılacağı gözlənilir. Çin Avropa İttifaqından dörd dəfə, ABŞ-dən isə beş dəfə daha çox bərpa olunan enerji istehsal etmək niyyətindədir. 2028-ci ilədək qlobal miqyasda bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 7 330 qiqavata, 2030-cu ilədək isə 11 min qiqavata çatacaq. Təmiz enerji istehsalının 95 faizi günəş və külək enerjisinin payına düşəcək və bu mənbələr elektrik enerjisi istehsalında ən böyük oyunçu olan kömürü geridə qoyacaq.

IEA-nın direktoru Fatih Birol hesabata verdiyi şərhdə qeyd edib ki, hökumətlər bu məqsədlərə nail olmaq üçün lazım olan vasitələrə malikdir. Onun sözlərinə görə, hazırda inşa edilən günəş və külək elektrik enerji stansiyaları qazıntı yanacağı ilə işləyən stansiyalardan daha ucuz başa gəlir. Birol bu istiqamətdə mövcud olan problemlərdən də bəhs edib. O, makroiqtisadi çətinlikləri xüsusi olaraq qeyd edərək deyib: “ Zənnimcə, beynəlxalq ictimaiyyət üçün ən böyük problem inkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji istehsalına yetərincə maliyyə vəsaiti ayrılmamasıdır. Həmin ölkələrin əksəriyyəti təmiz enerji iqtisadiyyatında geridə qalır. Qlobal miqyasda hədəflərə nail olunması müəyyən dərəcədə bu problemin həllindən asılı olacaq”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *