Dünya elektrik şəbəkələrini təkmilləşdirmək və genişləndirmək üçün tez bir zamanda tədbirlər görülməsə, iqlim dəyişikliyi ilə mübarizə və etibarlı elektrik təchizatını təmin etmək səyləri risk altında qala bilər.
Renewables.az-ın məlumatına görə bu barədə bu gün Beynəlxalq Enerji Agentliyinin (IEA) ilk dəfə dərc olunan "Elektrik Şəbəkələri və Təhlükəsiz Enerji Keçidi" hesabatında bildirilir.
İqlim dəyişikliyi ilə mübarizə və etibarlı elektrik təchizatının təmin edilməsi istiqamətində səylərin elektrik şəbəkələrinin inkişafından asılı olduğunu vurğulayan hesabata görə, hazırkı qlobal elektrik şəbəkələri təmiz enerji texnologiyalarının sürəti ilə ayaqlaşa bilmir. İqlim məqsədlərinə nail olmaq və enerji təhlükəsizliyini təmin etmək üçün 2040-cı ilə qədər dünyada 80 milyon kilometr elektrik şəbəkəsi (başqa sözlə desək, hazırda dünyada istifadə olunan bütün şəbəkələrin ölçüsünə bərabər) qurulmalı və ya yenilənməlidir. Bildirilir ki, bunun üçün elektrik şəbəkələrinə illik investisiyalar 2030-cu ilə qədər iki dəfə artaraq ildə 600 milyard ABŞ dollarından çox olmalıdır.
Hesabata görə, elektrik sistemlərinin əsasını təşkil edən şəbəkələrin genişləndirilməsinə qoyulan investisiyalar günəş və külək enerjisi, elektrik nəqliyyat vasitələri və istilik nasosları kimi təmiz enerji texnologiyalarının sürətli inkişafı ilə ayaqlaşmır.
Hesabatda xəbərdarlıq edilir ki, daha çox siyasətə diqqət və investisiya olmadan, şəbəkə infrastrukturuna çıxış və keyfiyyətdəki çatışmazlıqlar qlobal istiləşməni 1,5°C-dən çox, 40 % ehtimalla 2°C-dən çox artıracaq.
Hesabatda vurğulanır ki, şəbəkəyə qoşulmağı gözləyən 1 500 QVt-dan çox bərpa olunan enerji layihələrinin sürətlə böyüyən növbəsi var, bu güc keçən il qlobal miqyasda yeni əlavə edilmiş günəş və külək enerjisi gücünün 5 qatına bərabərdir.
Rəylər (0):