IRENA: 2030-cu ilədək enerji keçidi üçün ildə 5,7 trilyon dollar sərmayə yatırmaq lazımdır

image

Bərpaolunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin (IRENA) proqnozuna görə, 2030-cu ilə qədər bütün dünyada bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək üçün hər il 5,7 trilyon dollar sərmayə yatırmaq lazımdır.

"Berpaolunanenerji.az" DPA informasiya agentliyinə istinadla xəbər verir ki, IRENA-nın məlumatına görə, 2015-ci il Paris İqlim Sazişinin 2100-cü ilədək planetdə orta illik temperatur artımını sənaye dövründən öncəki səviyyədən 1,5 dərəcə daxilində saxlamaq məqsədinə çatmaq üçün təxminən bu qədər vəsait lazımdır.

“Enerji keçidi hələ də düzgün yoldan uzaqdır və əgər biz qarşıdakı illərdə ciddi tədbirlər görməsək, iqlimlə bağlı məqsədimizə çatmaq şansımız azalacaq və hətta heçə enəcək”, - deyə IRENA-nın Baş direktoru Françesko La Kamera bildirib. O, həmçinin bərpaolunan enerji mənbələrindən istifadənin kütləvi şəkildə genişləndirilməsi ilə yanaşı, elektrik enerjisi ilə işləyən avtomobillər və istilik nasosları vasitəsilə enerji səmərəliliyinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb. Baş direktorun sözlərinə görə, bunun üçün hidrogendən, biokütlədən və yeraltı karbon qazı anbarlarından daha geniş istifadə olunmalıdır.

Bərpaolunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentlikdən bildiriblər ki, ekoloji cəhətdən təmiz enerji istehsalına keçidin bir çox faydası ola bilər. Belə ki, qazıntı yanacağından imtina səbəbindən itirilən 12 milyon iş yerinin əvəzinə bu sahədə 85 milyon yeni iş yeri yaradılacaq. Həmçinin bərpaolunan enerji mənbələri xaricdən idxal edilən ənənəvi yanacaq asılılığından xilas olmağa da imkan verəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *