ABŞ günəş enerjisi investisiyalarının mühüm mərkəzlərindən biridir. Xüsusilə Kaliforniya ştatında demək olar ki, hər şəhərətrafı evin damında günəş paneli sistemini görmək mümkündür. Kaliforniya son vaxtlar bununla bağlı bir az problem yaşayır.
Renewables.az-ın NBC News-a istinadən xəbərinə görə, ştat bəzən istehlakdan daha çox günəş enerjisi istehsal edir. Bu, təmiz enerjinin boşa getməsi deməkdir.
Ştatın elektrik enerjisinin təxminən 80 faizini idarə edən Kaliforniya Müstəqil Sistem Operatorunun baş direktoru Elliot Maynzer ilin müəyyən vaxtlarında, xüsusən də yaz aylarında elektrik enerjisinə tələbatın çox da yüksək olmadığına diqqət çəkib. Bununla belə, o, Kaliforniyanın istifadə edə biləcəyindən daha çox günəş enerjisi istehsal etdiyini də bildirib.
Maynzer həmçinin qeyd edib ki, istehsal olunan enerjinin böyük hissəsi Qərbi ABŞ-nin digər kommunal xidmətlərinə ixrac olunur. O, bəzi ekstremal şəraitdə məhdudiyyətlərə və ya bağlanmalara əl atdıqlarını qeyd edib.
Müstəqil Sistem Operatorunun (ISO) məlumatlarına görə, son illərdə bərpa olunan enerjinin miqdarı istehsal çoxluğundan məhdudlaşdırılıb və ya boşa sərf olunub.
Bu ilin iyununadək ştat təxminən 2,6 milyon meqavat-saat bərpa olunan enerjini, əsasən də günəş enerjisini itirib. Bu isə San-Fransiskoda bir il ərzində hər evə elektrik enerjisi vermək üçün kifayətdir. Maynzerin fikrincə, əlavə ötürücü xətlərin qurulması ştatda elektrik enerjisi axınını artıracaq.
Ancaq qeyd edilməlidir ki, son qərarla damüstü günəş panelləri quraşdırmaq istəyənlər üçün maddi təşviq mexanizmləri dayandırılıb. Məhz bu səbəbdən, 2024-cü ilin birinci rübündə yeni damüstü günəş enerjisi sistemləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 66 faiz azalıb.
Bunun qarşısını almaq və təşviq mexanizmi kimi batareya enerji saxlanc sistemlərinin tətbiq olunması nəzərdən keçirilir. Lakin bu sistemlərin quraşdırılması əlavə 10-20 min ABŞ dolları dəyərində xərc tələb edir. Yerli əhali üçün günəş enerjisi istehsal edərək şəbəkəyə satmaq artıq sərfəli deyil.
Rəylər (0):