Konqo Prezidenti Qaradağ GES-də olub

image

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycanın enerji sistemi ilə tanışlığı çərçivəsində 230 MVt gücündə olan Qaradağ Günəş Elektrik Stansiyasında (GES) olub.

Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Prezidentə Xəzər və MDB regionunun bu ilk ən böyük günəş elektrik stansiyası, həmçinin "Masdar" şirkəti ilə birgə reallaşdırılan digər meqa layihələr və ölkəmizin yaşıl enerji kursu barədə ətraflı məlumat verilib. Bərpa olunan enerji sahəsində təcrübə mübadiləsi üzrə əməkdaşlıq müzakirə edilib", - nazir qeyd edib.

Energetika naziri Pərviz Şahbazov Prezident Deni Sassu-Nqesso Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda yaşıl enerjiyə keçidlə bağlı mühüm işlər görülür.

Daha sonra qonaqlar stansiyanın idarəetmə mərkəzinin iş prosesi ilə tanış olublar.

Ali qonağın diqqətinə çatdırılıb ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib.

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Bu stansiya ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunacaq. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min ədəd günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Sonda Konqo Prezidenti stansiya ərazisində ağac əkib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *