Dünyanın aparıcı bərpaolunan enerji şirkətlərindən biri olan Masdar, İndoneziyada üzən günəş fotovoltaik elektrik stansiyasını maliyyələşdirəcək.
“Berpaolunanenerji.az” şirkətin saytına istinadən xəbər verir ki, bu barədə İndoneziyanın dövlət elektrik şirkəti "Perusahaan Listrik Negara" ilə anlaşma imzalanıb.
İndoneziyanın ilk üzən günəş elektrik stansiyası olacaq layihə “Sumitomo Mitsui” bankı, “Societe Generale” investisiya bankı və “Standart Chartered” vasitəsilə maliyyələşdiriləcək.
Cirata şəhərində inşa ediləcək üzən stansiyanın qoyuluş gücü 145 MVt olacaq və 2022-ci ildə fəaliyyətə başlayacaq.
Üzən günəş elektrik stansiyası Cənub-Şərqi Asiyanın ən böyük elektrik stansiyası olacaq. Stansiya 50 min evi elektrik enerjisi ilə təmin edəcək və 214 min karbon qazı tullantısının qarşısını alacaq.
Stansiyanın inşa işlərinə 800 nəfər cəlb ediləcək ki, bu da həmçinin yeni iş yerlərinin yaranmasına səbəb olacaq.
Qeyd edək ki, İndoneziya 2023-cü ilə qədər bərpaolunan enerji istehsalını 23 faizə çatdırmağı və 2060-cı ilə qədər sıfır karbon emissiyasına çatmağı hədəfləyir.
Xatırladaq ki, BƏƏ-nin Masdar şirkəti ilə qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikasının Hökuməti adından müqavilə imzalanıb və təsdiqlənib. Şirkət stansiyanın tikinti mərhələsinə bu ilin sonlarında, gələn ilin əvvəlində başlamağı planlaşdırır.
Rəylər (0):