Abu Dhabi Future Energy Company - Masdar 750 milyon ABŞ dolları dəyərində 10 illik "yaşıl" istiqrazlarının debüt buraxılışını həyata keçirib.
Renewables.az şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, Yaşıl Maliyyə Çərçivəsinə uyğun olaraq, bu istiqrazdan əldə edilən xalis gəlir və gələcək təkliflər yalnız bir çox inkişaf etməkdə olan iqtisadiyyatlara və investisiyaya, iqlimə həssas ölkələrdə olacaq “tünd yaşıl” bərpa olunan enerji layihələrinə investisiya etmək üçün istifadə olunacaq. İstiqraz şirkətin korporativ kredit reytinqlərinə uyğun olaraq Moody's tərəfindən A2 və Fitch tərəfindən A+ qiymətləndirilib.
Reuters-in yaydığı məlumatda isə bildirilir ki, Masdar-ın baş maliyyə direktoru Nayl Hanniganın sözlərinə görə, şirkət bu həftə "yaşıl" istiqrazlardan əldə etdiyi gəlirlə Azərbaycanda "Qaradağ" Günəş Elektrik Stansiyası və Özbəkistanda qoyuluş gücü 500 MVt olan dəniz külək enerjisi layihələrin hər birinə cəlb edilən 250 milyon ABŞ dollarlıq keçid kreditlərini bağlayacaq. Qalan 250 milyon ABŞ dolları isə Özbəkistandakı üç günəş enerjisi layihəsinə yönəldiləcək və bu layihələrin maliyyələşdirilməsi tezliklə yekunlaşdırılacaq.
Bundan əlavə, Masdar 2030-cu ilə qədər qlobal portfelini 100 QVt-a çatdırmaq məqsədilə yerli və xarici yeni bərpa olunan enerji layihələri üzrə kapital maliyyələşdirmə öhdəliklərini yerinə yetirmək üçün 3 milyard ABŞ dollarına qədər "yaşıl" istiqrazlar buraxacaq.
Qeyd edək ki, mayın 16-da “Qaradağ” GES-də energetika naziri Pərviz Şahbazov və “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahinin iştirakı ilə ilk günəş paneli quraşdırılıb. Stansiyada hər iki üzü elektrik enerjisi istehsal edə bilən və hər birinin gücü 545-550 Vt olan 500 mindən çox günəş panelinin quraşdırılması planlaşdırılır. Hazırda stansiyanın tikinti işləri davam etdirilir və 2023-cü ildə kommersiya fəaliyyətinə başlayacaq. Stansiya ildə 0,5 milyard kVt-saat elektrik enerjisi istehsal etməyə kömək edəcək. Bu da 110 000-dən çox evin ehtiyaclarını ödəməyə və karbon emissiyalarını ildə 200 000 tondan çox azaltmağa, həmçinin yerli əhali üçün yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Şirkət Azərbaycanda həmçinin quruda külək və günəş layihələri, dənizdə külək və yaşıl hidrogenin inteqrasiyası layihələri üzrə ümumi gücü 4 QVt olan müqavilələr imzalanıb.
2006-cı ildə qurulan Masdar BƏƏ-nin təmiz enerji mərkəzidir. O, 40-dan çox ölkədə fəaliyyət göstərir və ümumi gücü 20 QVt-dan çox olan bərpa olunan enerji layihələri portfelinə sərmayə qoyub. Masdar 2030-cu ilə qədər ən azı 100 QVt ümumi bərpa olunan enerji gücünə nail olmaq öhdəliyi götürüb.
Rəylər (0):