Cənab Prezidentin elan etdiyi kimi bu işlərdə Naxçıvan Muxtar Respublikasının xüsusi payı var. Biz günəş, külək, hidro enerjiləri ilə bağlı layihələri sürətlə inkişaf etdirəcəyik.
Renewables.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərurda yeni istifadəyə verilən günəş elektrik stansiyasının açılışında bildirib.
"Artıq Azərbaycanın paytaxtı Bakıda bu proses başlayıb. Bakı Enerji Həftəsi keçirilir. Enerji Həftəsinin sonuncu günü qərarlaşdırılıb ki, Naxçıvanda qeyd olunsun. Biz bu tədbirə hazırlaşırıq. İyunun 3-ü Naxçıvan şəhərində tədbir davam etdiriləcək. İlkin məlumatlar alırıq ki, muxtar respublikada alternativ enerji sahəsində ciddi investisiyalar qoymaq üçün mühüm şirkətlər öz niyyətlərini açıq şəkildə etiraf ediblər. 400 meqavatlıq və daha sonra 500 meqavatlıq 2 enerji santralının qurulmasından söhbət gedir. Biz birdən-birə 400 meqavatlıq böyük bir layihənin icraçısına və sahibinə çevriləcəyik. Əlbəttə ki, bu, ciddi investisiya tələb edir. Azərbaycan Respublikasında aparılan uğurlu siyasətin nəticəsidir ki, xarici investorlar öz sərmayələrini Azərbaycanda rahat şəkildə qoymağa tələsir və maraq göstərirlər. Bu o deməkdir ki, Azərbaycan Respublikası stabil bir məkana çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində artıq Qafqazda, ümumilikdə, yeni reallıqlar yaranıb. 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin nəticəsi həm Azərbaycan, həm də region üçün yeni reallıqlar ortaya çıxarıb. Zəngəzur dəhlizi bu reallıqlardan biridir və dəhlizin reallaşdırılması Naxçıvan regionu üçün xüsusilə əlamətdar olacaq. Bu, bizim nəqliyyat strukturunun inkişafına gətirib çıxaracaq, eləcə də biz Naxçıvan Muxtar Respublikasında istehsal olunan enerjini qonşu dövlətlərə ixrac etmək gücündə olacağıq. Ona görə də düşünürəm ki, bu, ilkin addımdır", - F.Nəcəfli deyib.
Fuad Nəcəfli bu sahədə görülən işlərlə bağlı xidmətin əməkdaşlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Rəylər (0):