"Nur Əbu-Dabi" GES-də günəş panelləri 1400-dən çox robot sistemi tərəfindən qumdan təmizlənir

image

BƏƏ-nin Əbu-Dabi əmirliyinin şimal-şərqində, səhrada yerləşən dünyanın ən böyük günəş elektrik stansiyalarından biri olan "Nur Əbu-Dabi"də 1,4 mindən çox robot günəş panellərindən qumu təmizləyir. 

Renewables.az-ın xarici mətbuata istinadən xəbərinə görə, bu barədə stansiyanın sahibi və onu idarə edən "Sweihan PV Power" şirkətinin baş direktoru Abdullah Əl Qayumi məlumat verib.

O bildirib ki, "Nur Abu Dabi" bir mərhələdə və bir müqavilə əsasında tikilmiş ən böyük günəş  fotoelektrik stansiyasıdır: "Stansiya strateji əhəmiyyətli Suveyhan şəhərində yerləşir. Əgər BƏƏ-nin istilik xəritəsinə baxsanız, Suvayhan yüksək səviyyədə günəş radiasiyasına malik ərazidə yerləşir və bu, onu bu cür investisiyalar üçün ən əlverişli edir. Biz layihəni planlaşdırmağa başlayanda səhranın ortasında belə texnologiyadan istifadə edərkən günəş panellərinin çirklənməsi ən böyük problemlərdən biri idi".

O, bunun bu bölgə üçün xarakterik olan qum fırtınaları və kifayət qədər suyun olmaması ilə əlaqədar olduğunu, yəni günəş panellərinin su ilə təmizlənməsinin mümkün olmadığını açıqlayıb. 

"Buna görə də biz quru təmizləmə sistemini təqdim etdik. Gündə iki dəfə 3,3 milyon paneli təmizləyən 1400-dən çox robot sistemimiz var", - deyə Sweihan PV Power Company-nin baş direktoru əlavə edib. 

Qeyd edək ki, günəş panelləri 1 430 robot tərəfindən qumdan təmizlənir. 

"Nur Əbu-Dabi" Günəş Elektrik Stansiyası rekord müddətdə və 872 milyon dollar dəyərində tikilib, tikintisinə 2017-ci ilin avqustunda başlanılıb, stansiya isə 2019-cu ilin aprel ayında kommersiya istifadəsinə verilib.

3,3 milyon günəş panelindən ibarət stansiyanın qoyuluş gücü 1,2 qiqavatdır və 90 min evi elektrik enerjisi ilə təmin edə bilər. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *