Özbəkistan ikinci günəş elektrik stansiyasını istifadəyə verib

image

Fransanın “Total Eren” şirkəti Özbəkistanın Səmərqənd vilayətinin Nurabad rayonunda 100 MVt gücündə Günəş Elektrik Stansiyasını (GES) istifadəyə verib.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti bildirib.

100 milyon dəyəri olan stansiya ildə 260 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək.

Xatırladaq ki, 2019-cu ilin sentyabrında Fransanın "Total Eren" şirkəti ilə dövlət-özəl tərəfdaşlığı əsasında 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət 25 il ərzində elektrik stansiyasını layihələndirəcək, maliyyələşdirəcək, tikəcək və istismar edəcək.

2021-ci ilin may ayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İnvestisiya Bankı (AİB) və Proparco (Fransa İnkişaf Agentliyinin törəmə şirkəti) "Total Eren"ə günəş stansiyasının tikintisi üçün 87,4 milyon avro kredit ayırıb.

Bu, Özbəkistanda günəş enerjisi istehsal edən qurğuların tikintisi üzrə həyata keçirilən ikinci layihədir. 2021-ci ilin avqustunda BƏƏ-nin "Masdar" şirkəti Nəvai rayonunda dəyəri 110 milyon dollar olan 100 MVt gücündə GES-i istifadəyə verib. 

Masdar həmçinin Özbəkistanda ümumi gücü təxminən 900 MVt olan və dəyəri təxminən 1 milyard dollar olan günəş stansiyalarının tikintisi üzrə tenderlərin qalibi olub. Stansiyaların 2023-cü ilin payızınadək təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, Özbəkistan 2030-cu ilə qədər 5 QVt gücündə günəş elektrik stansiyaları tikməyi planlaşdırır. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *