Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Xorəzm vilayətində 100 meqavat gücündə günəş elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.
Renewables.az Özbəkistan Prezidentinin Mətbuat xidmətinə (president.uz) istinadən xəbər verir ki, stansiya Fransanın “Voltalia” şirkəti tərəfindən inşa ediləcək.
Stansiyanın inşasında məqsəd cari il Özbəkistanın elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payının 15 faizə çatdırılması və 2030-cu ilə qədər ölkənin enerji tələbatının 40 faizinin bərpa olunan mənbələr hesabına ödənilməsidir.
Son üç ildə ölkədə günəş və külək enerjisi istehsal edən güclərin işə salınması üçün regionlara 2 milyard dollardan çox xarici investisiya cəlb edilib. Nəticədə Buxara, Cizzəx, Kaşkədərya, Nəvai, Səmərqənd və Surxandəryada ümumi gücü 2,6 giqavat olan 9 iri günəş və külək elektrik stansiyası şəbəkəyə qoşulub.
"Xüsusilə qlobal inteqrasiya kontekstində enerji sənayesində sabitlik hər bir dövlətin strateji məqsədidir. Bərpa olunan enerji mənbələri müasir inkişafın və iqtisadiyyatın şaxələndirilməsinin əsas amilidir", Şavkat Mirziyoyev qeyd edib.
Özbəkistanda 2023-cü ildə həmçinin yaşıl enerjiyə ictimai marağı stimullaşdırmaq məqsədi daşıyan Günəş Evi proqramı da işə salınıb. Proqram əhali arasında günəş enerjisindən istifadəni stimullaşdırmaq üçün güzəştli resursların və vergi güzəştlərinin verilməsini, eləcə də artıq istehsal olunan elektrik enerjisinin dövlət tərəfindən zəmanətli alınması sisteminin tətbiqini nəzərdə tutur. Təkcə Xorəzmdə 2000-dən çox təsərrüfat və 855 sahibkar tərəfindən 15 meqavat gücündə günəş panelləri quraşdırılaraq, dövlət tərəfindən alınan tələbatdan artıq 320 min kilovat-saat elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, stansiya Xorəzm vilayətinin Tüprakkala rayonunda inşa olunacaq. Stansiyada illik 254 milyon kilovat-saat yaşıl enerji istehsal olunacaq ki, bununla da 85 min ev təsərrüfatı dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək. Fotovoltaik stansiyanın ilin sonuna qədər şəbəkəyə qoşulması planlaşdırılır.
Stansiya 76 milyon kubmetr təbii qaza qənaət edəcək, 106 min ton CO2-nin atmosferə atılmasının qarşısını alacaq.
Rəylər (0):