Pərviz Şahbazov: "Qarabağ və Şərqi Zəngəzurda tələbatdan artıq elektrik enerjisi istehsal olunur"

image

Hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaları bölgənin "təmiz enerji" təminatının əsas mənbəyidir və bu regionların elektrik enerjisi tələbatı 100 % "yaşıl enerji" hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Bu gün Azərbaycanın "yaşıl artım" ölkəsi kimi inkişafında və 2026-cı ilədək "yaşıl enerji" məkanlarının yaradılmasında müstəsna rol "yaşıl enerji zonası" modelinə məxsusdur. Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzurun modern quruculuğa, xalis sıfır emissiyalı "Yaşıl Enerji Zonası" Konsepsiyasına əsaslanan inkişafı ilə bağlı strateji qərarı bu gün dünya ölkələri üçün də faydalı olacaq unikal nümunə formalaşdırıb. İndiyə qədər 270 MVt gücündə 32 su elektrik stansiyası istismara verilib. Bu, il ərzində 600 milyon kVt-st-dan çox "yaşıl enerji"nin istehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2) həcminin isə 330 min tondan çox azalması deməkdir", - deyə o qeyd edib.

P. Şahbazovun sözlərinə görə, ölkə Prezidentinin 2024-cü il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın 2024-2027-ci illərdə həyata keçirilməsi üzrə Tədbirlər Planı bu ərazilərdə daha 28 su elektrik stansiyasının tikintisini nəzərdə tutur: "Onlardan ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının tikintisi aparılır. Bundan başqa KSES-lərin bərpasına özəl investisiyanın cəlb edilməsi istiqamətində Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilərək istismara verilməsi ilə bağlı Türkiyənin "Demirören Yatırım Holding A.Ş." şirkəti, "Arges Enerji Team" MMC şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında ötən ilin dekabrında imzalanmış müqaviləyə əsasən Laçında kiçik su elektrik stansiyalarından birinin təməli qoyulub, digər stansiyalarla bağlı müvafiq tədbirlər görülür".

Nazir xatırladıb ki, bu ilin may ayında açılışı olan "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları, yaxın perspektivdə istifadəyə veriləcək 140 MVt gücündə su elektrik stansiyaları Şərqi Zəngəzurun "yaşıl enerji" zonası kimi inkişafının mühüm elementləridir: "Ümumi gücü 500 MVt olan 5 günəş, eləcə də külək elektrik stansiyalarının inşası ilə bağlı planlar üzrə investorlarla əməkdaşlığımız da bu strateji bölgəni "yaşıl enerji"nin istehsalı və ixracının mühüm mərkəzlərindən birinə çevirəcək".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *