Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Azərişıq" ASC-nin 110/35/10 kilovoltluq yeni yarımstansiyasının açılışında iştirak edib.
"Berpaolunanenerji.az" xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yeni yarımstansiyada yaradılan şərait barədə məlumat verib.
Bildirildi ki, paytaxtın Yasamal rayonu ərazisində, Füzuli meydanının yaxınlığında tikilən yeni yarımstansiya Bakı şəhərinin sürətlə artan elektrik enerjisi tələbatını qarşılamaq, etibarlılığı və dayanıqlılığı təmin etmək məqsədilə inşa olunub. Həmçinin yarımstansiya şəhərin elektrik təchizatının etibarlılığının və dayanıqlılığının təmin edilməsi məqsədilə perspektivdə yaranacaq yüklərin 220 kilovoltluq “Müşviq” və “Xırdalan” yarımstansiyaları arasında paylanması və ötürülməsi üçün nəzərdə tutulub.
Yeni yaradılacaq 110 kilovoltluq dairəvi sxemin tərkib hissəsinə aid olan yarımstansiyanın əlaqələndirilməsi “Yasamal-1”, inşa ediləcək “Təzə Bazar”, “Zəfər” və mövcud “Dağlıq” yarımstansiyaları vasitəsilə həyata keçiriləcək. Yarımstansiyada müasir tipli eleqaz avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika qurğuları quraşdırılıb.
Bu yarımstansiyanın mövcud və yeni qurulacaq 35 və 10 kilovoltluq şəbəkələrlə əlaqələndirilməsi digər 110 kilovoltluq yarımstansiyalar arasında yaradılacaq dairəvi sxemlərlə şəhərin mərkəzində artacaq yüklərin qarşılanmasını və idarə olunmasını, avtomatlaşdırılmış məsafədən dispetçer idarəetmə sistemi (SCADA) vasitəsilə yüklərin bir mənbədən digər mənbəyə köçürülməsi əməliyyatlarının operativliyini, eyni zamanda, elektrik təchizatının dayanıqlılığını təmin edəcək.
Rəylər (0):