Prezident Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Azərişıq" ASC-nin Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

"Berpaolunanenerji.az" xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyevə məlumat verildi ki, rəqəmsal idarəetmənin tətbiqi və ya paylayıcı şəbəkələrin intellektual-rəqəmsal idarə olunması elektrik enerjisinin ötürülməsi və paylanması proseslərinə fasiləsiz nəzarətin həyata keçirilməsini, həmçinin müasir kompüter proqram sistemləri insan amili təsirinin aradan qaldırılmasını təmin edir. Digər tərəfdən, rəqəmsallaşma elektrik şəbəkələri üzrə müəyyənləşdirilmiş beynəlxalq tələblər çərçivəsində iqtisadi səmərəliliyin yaxşılaşdırılması istiqamətində mühüm təyinedici texnoloji vasitədir.

Qeyd olunub ki, “Azərişıq” ASC-nin Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzi Regional Avtomatik İdarəetmə mərkəzləri, 3D-mobil xəritə sistemi, SCADA sistemi, enerji keyfiyyəti göstəricilərinin analiz olunması, ötürücü xətlərdə enerji kəsintiləri və itkilərin müəyyən edilməsi, məsafədən avtomatik sayğacoxuma sistemi, müasir Çağrı mərkəzi, avadanlıqların texniki pasportlaşma sistemi, abonentlərin FİN-kodlaşma sistemi, avtomobillərin (qəza əleyhinə texnika, səyyar sınaq-diaqnostika laboratoriyaları) GPS-mövqe sistemi, alternativ və bərpaolunan enerji mənbələri, paylayıcı şəbəkələrdə zonalar üzrə səmərəli hesabat sistemindən (SAİDİ/SAİFİ) məlumatlar alaraq dərhal analizini aparır, elektrik enerjisi təminatında yaranan fasilələri aradan qaldırmağa, abonent məmnunluğunu təmin etməyə geniş imkanlar yaradır.

Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzini işə salıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *