Hazırda bp şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası üzrə danışıqlar gedir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
Nazirin sözlərinə görə, mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, stansiyanın 2023-cü ildə inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir. Bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır. Bu model elektrik enerjisinin istehsalı və istehlakı üzrə “Şəfəq Layihəsi” və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək “yaşıl enerji” Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək.
Rəylər (0):