Mayın 5-də Naxçıvan MR Şərur rayonunun Zeyvə kəndində 3 meqavatlıq yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.
"Berpaolunanenerji.az" NUHÇIXAN-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, muxtar respublikada ümumi qoyuluş gücü 240,5 meqavat olan 11 elektrik stansiyası vardır ki, onlardan ümumi qoyuluş gücü 103,5 meqavat olan 9-u bərpaolunan enerji mənbələri hesabına fəaliyyət göstərir. Şərur rayonunun Zeyvə kəndində Günəş Elektrik Stansiyasının tikintisi üçün 35 hektar əkinə yararsız torpaq sahəsi ayrılıb. Ayrılan 15 hektar ərazinin 7,9 hektarı ilk tikilən 5 meqavatlıq, 4,25 hektarı isə yeni tikilən 3 meqavat gücündə Günəş Elektrik Stansiyası üçün istifadə edilib. Ötən ilin iyun ayında İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, hər birinin gücü 330 vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 60 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunan 3 ədəd 35/0,4 kilovoltluq 1250 kilovat gücündə transformator yarımstansiyaları quraşdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Zeyvə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə təşkilatçılara təşəkkürünü bildirərək deyib: Muxtar respublikada elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpaolunan enerji ilə təmin edilir. Bu sahədə işlər davam etdirilir. Çünki təbii resurslardan istifadə edərək muxtar respublikanın elektrik enerjisinə olan tələbatını bərpaolunan enerji mənbələri hesabına ödəmək mümkündür. Naxçıvan şəhərində, Kəngərli və Şərur rayonlarında Günəş və su, Culfa rayonunda isə külək elektrik stansiyalarının qurulması nəzərdə tutulub. Hazırda Ordubad rayonunda iki su elektrik stansiyasının qurulması davam etdirilir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Culfa rayonunda 1,1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyasının açılışı olub. 10 yeni Külək Elektrik Stansiyasının qurulmasına isə qısa zamanda başlanılacaqdır. Eyni zamanda qarşıdakı illərdə hər birinin gücü 1,5 meqavat olan 5 külək elektrik stansiyasının qurulması da nəzərdə tutulub. Bu tədbirlərdən sonra muxtar respublikanın enerji tələbatı tamamilə bərpaolunan enerji hesabına ödəniləcəkdir. Həyata keçirilən tədbirlər imkan verəcək ki, muxtar respublikada energetika sistemində yenidənqurma işləri aparılsın, gəlirlər artırılsın, energetiklərin maddi vəziyyəti yaxşılaşdırılsın və muxtar respublikada dayanıqlı enerji sistemi qurulsun.
“İnsanların həyatını ərzaqsız təsəvvür etmək mümkün olmadığı kimi, enerjisiz də təsəvvür etmək mümkün deyil”,- deyən Ali Məclisin Sədri bildirib ki, buna görə də elektrik enerjisinə olan tələbatın artdığını nəzərə alaraq yeni elektrik stansiyalarının qurulması işi davamlı həyata keçirilir. Bu stansiyaların qurulmasında müxtəlif şirkətlər iştirak edir. Bunlardan biri də İsveçrənin tanınmış “Pure Energy Development” SARL şirkətidir.
Ali Məclisin Sədri şirkətin rəhbərinə səmərəli fəaliyyətə görə təşəkkürünü bildirmiş, əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Ali Məclisin Sədri deyib: Bu gün istifadəyə verilən yeni Günəş Elektrik Stansiyası ilə muxtar respublikanın Günəş Elektrik stansiyalarının gücü 36 meqavata, illik istehsal gücü isə 55 milyon kilovat-saata çatdırılacaqdır. Bu da ümumilikdə muxtar respublikada enerji istehsalının 11 faizə yaxınını təşkil edəcəkdir. Şərur rayonunda qurulan 8 meqavatlıq Günəş Elektrik Stansiyası isə rayonun elektrik enerjisinə olan tələbatının 17 faizini təşkil edəcəkdir.
Ali Məclisin Sədri bu münasibətlə kollektivi təbrik edib, əməyi olanlara təşəkkürünü bildirib.
İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icraçı direktoru Mişel Kalerami deyib: “Bu gün 3 meqavat gücündə Günəş Elektrik Stansiyası uğurla tamamlanaraq istifadəyə verilir. Bunun üçün Ali Məclisin Sədrini və Naxçıvan sakinlərini təbrik edir, o cümlədən şirkətimizi yenidən seçdiyiniz üçün minnətdarlıq edirik. Artıq 2014-cü ildən etibarən Naxçıvandayam. Bu illər ərzində Naxçıvanda kompleks inkişafın şahidi olmuşam. Heç şübhə yoxdur ki, Naxçıvan Ali Məclis Sədrinin rəhbərliyi altında gələcəkdə daha çox uğurlara imza atacaqdır. Naxçıvanın coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Təsadüfi deyil ki, Naxçıvan alternativ enerji üzrə regionda lider hesab olunur. Əminəm ki, muxtar respublika rəhbərinin dəstəyi ilə Naxçıvan qısa zamanda “Yaşıl enerji” zonasına çevriləcəkdir”.
Sonra stansiyaya baxış olub.
Bildirilib ki, stansiyada alçaq və yüksəkgərginlikli kabel xətləri, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilib, ərazi çəpərlənib, siqnalizasiya və video-müşahidə qurğuları ilə təmin olunub. Stansiyanın mövcud SCADA sistemi genişləndirilib, iki böyükölçülü nəzarət monitorları və kompüter avadanlığı quraşdırılıb. Yenilənən SCADA sistemi elektrik enerjisi istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradıb. Eyni zamanda istehsal proseslərini yerində və ya uzaqdan idarə etmək, real vaxt rejimində verilənləri müşahidə etmək, toplamaq və emal etmək, etibarlılıq və təhlükəsizliyi gücləndirməklə yanaşı, digər günəş elektrik stansiyalarının sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsinin, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə şərait yaradır.
Qapalı paylayıcı quruluşda əlavə olaraq yeni yarımstansiyalar üçün 3, “Arpaçay-2” Su Elektrik Stansiyasına və 110/35/10 kilovoltluq Şərur yarımstansiyasından qidalanan 35 kilovoltluq “Arpaçay” hava elektrik verilişi xətlərinə qoşulma etibarlılığını artırmaq üçün 2, stansiya binasının xüsusi sərfiyyatı üçün 1, ölçü transformatorları üçün 1, gələcəkdə layihə gücünü genişləndirmək üçün isə 2 ədəd ehtiyat 35 kilovoltluq eleqaz açarları quraşdırılıb. Stansiyanın layihə gücü 8 meqavata çatdırıldığı üçün il ərzində 12 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir.
Qeyd olunub ki, “Pure Energy Development” SARL şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə “Mitsubishi L200” markalı avtomobil və 3 ölçü cihazı verilib.
Sonra Ali Məclisin Sədri Şərur rayonunda tikiləcək 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının layihəsinə və əraziyə baxıb, işlərə başlanılması barədə tapşırıqlar verib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev muxtar respublika energetikləri adından yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Rəylər (0):