Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin sonuna kimi BP və "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi layihəsini həyata keçirməyi planlaşdırır.
Renewables.az “Report”a istinadla xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Bakı Enerji Forumunun II günündə deyib.
Onun sözlərinə görə, SOCAR enerjiyə keçid, enerji səmərəliliyi, dekarbonizasiya və dayanıqlı inkişaf kimi məsələlərdə fəal iştirak edir:
“Bundan başqa, biz metan emissiyalarının azaldılması ilə bağlı layihələr həyata keçiririk. Geotermal enerji və “mavi hidrogen” ilə bağlı layihələr növbəti sırada dayanır. Üstəlik, biz Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə bərpa olunan enerji zavodlarının tikintisinə dair müqavilələr imzalamışıq”.
O əlavə edib ki, SOCAR insan kapitalının inkişafı üzrə layihələr də həyata keçirir. “Hazırda SOCAR dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir, şirkətin işçilərinin sayı 70 mini ötür”.
Z. Mustafayeva xatırladıb ki, SOCAR 2035-ci ilə qədər korporativ strategiyanı təsdiqləyib: “Biz həmçinin 2030-cu ilə qədər kəşfiyyat və hasilat zamanı xalis sıfır emissiyaya və sıfıra yaxın metan emissiyasına nail olmaq öhdəliyi götürmüşük. Bunlar sadəcə öhdəliklər deyil, onlar artıq həyata keçirilən biznes planlarına və fəaliyyətlərinə çevrilir”.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, “Boston Consulting Group” ilə əməkdaşlıq çərçivəsində SOCAR əməliyyat modelini yeniləyib və bunu qarşıya qoyulan vəzifələrin və prioritetlərin həlli üçün daha münasib edib:
“Bu modelin mühüm xüsusiyyətlərindən biri enerji keçidi və dekarbonizasiya ekologiyası seqmentinin tətbiqidir. Bu, sadəcə ayrı bir struktur deyil, biznesimizin vacib hissəsidir”.
Rəylər (0):