SOCAR və Azərbaycan İnvestisiya Şirkəti "Şəfəq" layihəsinə qoşulur

image

BP şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Qoşulma Sazişi imzalanıb.

Renewables.az-ın şirkətə istinadən verdiyi məlumata görə, bu saziş BP-nin İdarə Heyətinin sədri Helge Lund, hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrel və BP-nin sabiq icraçı direktoru Lord Con Filip Braunla birgə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gülüstan sarayında təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Bakıya səfəri zamanı imzalanıb. Tədbir Heydər Əliyev tərəfindən 2001-ci ildə Azərbaycanda təsis olunmuş “Neftçilər Günü” münasibətilə keçirilib.

Məlumata görə, bu sənəd SOCAR-ın və Azərbaycan İnvestisiya Şirkətinin “Şəfəq” (“Sunrise”) layihəsinə daxil olmaq niyyətini əks etdirir.

Bu sənəd Azərbaycanın işğaldan azad olunmuş ərazilərində "yaşıl enerji" zonasının yaradılması və bərpa olunan enerji sektorunun inkişafı, o cümlədən, 2030-cu ilədək karbon tullantılarının 35 faiz azaldılması üzrə öhdəliklərlə əlaqəli strateji həll və bp şirkətinin 2050-ci ilədək sıfır emissiyalı şirkətə çevrilmək strategiyasının reallaşdırılması çərçivəsində imzalanıb.

Qeyd edək ki, 2021-ci ilin 3 iyun tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir. 4 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. “Bakı Enerji Həftəsi” çərçivəsində Şuşa şəhərində imzalanan bu sənəd "Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir. İcra Müqaviləsinə edilmiş Əlavə sənədinə əsasən, layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün “Virtual Enerji Ötürülməsi Mexanizmi” adlı biznes modelinin tətbiqi planlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *