Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə verilir

image

Bu gün Türkiyənin Konya vilayətində Avropanın ən böyük Günəş Elektrik Stansiyası (GES) istifadəyə verilir.

Renewables.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, "Kalyon Enerji" tərəfindən inşa edilən "Kalyon Karapınar" GES-nin qoyuluş gücü 1 350 MVt-dır.

20 milyon m2 ərazidə inşa edilən stansiyada "Kalyon Fotovoltaik" şirkətinin istehsalı olan 3 256 038 ədəd günəş paneli quraşdırılıb. Stansiyanın inşasına 2022-ci ilin yanvarında başlanılıb.

GES-də illik 3 milyard kilovat-saat elektrik enerjisinin istehsal ediləcəyi gözlənilir ki, bu da 2 milyon evin elektrik enerjisinə olan ehtiyacını qarşılaya biləcək. Stansiyanın istifadəyə verilməsi illik 1,5 milyon tondan çox karbon qazının atmosferə buraxılmasının qarşısını alacaq.

Stansiya 2 600 futbol stadionu ərazisi ölçüsündədir və inşasına 1 milyard dollar investisiya yatırılıb. GES-in tikintisinə aktiv maliyyə dəstəyi Britaniya hökuməti tərəfindən göstərilib. Vəsaitin böyük hissəsi Britaniyanın “UKEF” ixracat-kredit agentliyi tərəfindən ayrılıb.

Stansiya tam gücü ilə istifadəyə verildikdə ölkənin günəş enerjisindəki qoyuluş gücünü 20 faiz artıracaq və ümumi elektrik enerjisi istehlakının 1 faizini qarşılayacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *