"WindEurope": Avropada 17,4 QVt yeni külək enerjisi gücü quraşdırılıb
Avropa 2021-ci ildə 17,4 QVt - dənizdə 3,3 QVt, quruda isə 14 QVt (Avropa İttifaqı ölkələri 11 QVt) yeni külək enerjisi gücü quraşdırıb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə "WindEurope"nin "Avropada Külək Enerjisi" adlı hesabatında bildirilir.
Bildirilir ki, bu güc 2030-cu il İqlim və Enerji məqsədlərinə çatmaq üçün kifayət deyil.
Hesabata görə, ötən il Avropada yeni külək enerjisi güclərinin 81 %-i quruda quraşdırılıb. Quruda ən çox güc quraşdırılan ölkələr İsveç, Almaniya və Türkiyədir.
Böyük Britaniya isə quraşdırılan ümumi külək enerjisi (həm dəniz, həm quru) gücünə görə birincidir. Avropa hazırda 236 QVt külək gücünə sahibdir.
2022-2026-cı illər ərzində Avropada 116 QVt gücündə yeni külək stansiyalarının inşa ediləcəyi gözlənilir. Bu yeni gücün dörddə üçü quruda quraşdırılacaq.
Avropa İttifaqı yeni 40% bərpa olunan enerji hədəfinə çatmaq üçün ildə 32 QVt yeni güc quraşdırmalıdır.
Türkiyənin ötən il külək enerjisindən istehsal etdiyi elektrik enerjisi ümumi elektrik enerjisi istehsalının orta hesabla 10 faizini qarşılayıb.
“Wind Europe” İdarə Heyətinin sədr Cals Dikson (Giles Dickson) sözügedən mövzu ilə bağlı verdiyi açıqlamada bildirib: “Türkiyə illər ərzində külək enerjisi sektorunun inkişafı üçün qanuni tənzimləmə və çərçivəni diqqətlə hazırlayır. Biz Türkiyənin quruda külək enerjisi sahəsində səylərini çox uğurlu görürük. Türkiyə maraqlı və böyüyən bir bazar olmağa davam edir. Düşünürəm ki, ölkənin gücü quruda və dənizdəki elektrik stansiyalarında da eyni uğuru göstərəcək".
Rəylər (0):