Aİ yaşıl enerjiyə uyğunlaşdırılması məqsədilə elektrik şəbəkələrinin modernləşdirilməsinə 584 milyard avro ayırmağı planlaşdırır

image

Avropa Komissiyası yaşıl enerjiyə uyğunlaşdırılması məqsədilə elektrik şəbəkələrinin modernizə edilməsinə və yenidən qurulmasına 584 milyard avro sərmayə cəlb etməyi planlaşdırır.

Renewables.az Reuters agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyası gələn həftə elektrik şəbəkəsinin modernləşdirilməsi planını təqdim etmək niyyətindədir. Layihənin dəyəri Avropa İttifaqının illik büdcəsindən təxminən üç dəfə çoxdur.

Planın əsas məqsədi Avropa İttifaqının köhnəlmiş elektrik şəbəkələri sistemlərini yeniləməkdir. Bu, onları bir neçə böyük ənənəvi enerji mənbəyindən minlərlə kiçik bərpa olunan enerji mənbələrinə, o cümlədən külək turbinlərinə və günəş panellərinə uyğunlaşdırmağa imkan verəcək.

Gücü daim dəyişən cərəyan mənbələrinə malik belə elektrik şəbəkələri çox çevik idarəetmə alqoritmlərinin yaradılmasını tələb edir. Avropa Komissiyası bu məqsədlə ağıllı rəqəmsal elektrik şəbəkəsinin idarəetmə sistemlərindən, gələcəkdə isə süni intellektdən istifadə etmək niyyətindədir.

Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi (IEA) ilk dəfə dərc etdiyi hesabatında qeyd edib ki, qlobal elektrik şəbəkələri təmiz enerji texnologiyalarının sürəti ilə ayaqlaşa bilmir. İqlim məqsədlərinə nail olmaq və enerji təhlükəsizliyini təmin etmək üçün 2040-cı ilə qədər dünyada 80 milyon kilometr elektrik şəbəkəsi (başqa sözlə desək, hazırda dünyada istifadə olunan bütün şəbəkələrin ölçüsünə bərabər) qurulmalı və ya yenilənməlidir. Bildirilir ki, bunun üçün elektrik şəbəkələrinə illik investisiyalar 2030-cu ilə qədər iki dəfə artaraq ildə 600 milyard ABŞ dollarından çox olmalıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *