Avropa Komissiyası Çinin “Goldwind” şirkətinin Avropa İttifaqının (Aİ) külək enerjisi sektorunda fəaliyyəti ilə bağlı hərtərəfli araşdırmaya başlayıb.
Araşdırmanın məqsədi şirkətin Aİ-də külək turbinlərinin istehsalı və satışı, həmçinin müvafiq xidmətlərin göstərilməsi sahəsindəki fəaliyyətinin qiymətləndirilməsi, “Goldwind”in xarici subsidiyalar alıb-almadığını və bu yolla Aİ-nin daxili bazarında rəqabət qaydalarını təhrif edib-etmədiyini müəyyənləşdirməkdir. Avropa Komissiyası bu maliyyə üstünlüklərinin külək turbinləri və müvafiq xidmət bazarında ədalətli rəqabətə mənfi təsir göstərib-göstərmədiyini qiymətləndirmək istəyir.
Komissiya 2024-cü ilin aprelində Aİ-nin külək enerjisi sektorunda fəaliyyət göstərən bir sıra şirkətlərə, o cümlədən “Goldwind”ə sorğular göndərib. İlkin araşdırmanın nəticələrinə əsasən, komissiya “Goldwind”in daxili bazarı təhrif edən xarici subsidiyalar almış ola biləcəyinə dair əlamətlər müəyyən edib. Bu subsidiyaların “Goldwind”in daxili bazardakı rəqabət mövqeyini gücləndirə və Aİ-də külək turbinlərinin və aidiyyəti xidmətlərin tədarükü sahəsində rəqabətə mənfi təsir göstərə biləcəyi ehtimalı yarandığından hərtərəfli araşdırmalara başlanılıb.
Çinin Xarici İşlər Nazirliyi (MOFA) və Ticarət Nazirliyi (MOFCOM) araşdırmanı ayrı-seçkilik tədbirləri ilə əlaqələndirib. Bildirilib ki, şirkət ardıcıl üç ildir ki, yeni quraşdırılmış külək enerjisi gücünə görə dünyada birinci yerdədir.
MOFCOM bildirib ki, Aİ-nin araşdırma alətlərindən istifadə etməsi Çin-Aİ qarşılıqlı sənaye əməkdaşlığını pozub, Çin şirkətlərinin Avropaya investisiya qoymaq inamını zəiflədib və Aİ-nin özünün və qlobal yaşıl keçidin tempini yavaşlada bilər.
