Dünya Külək Günü "Avropa Külək Enerjisi Assosiasiyası" ("WindEurope") və "Qlobal Külək Enerjisi Birliyi" ("Global Wind Energy Council") tərəfindən hər il təşkil edilir.
"Berpaolunanenerji.az" xatırladır ki, bu gün, külək enerjisinin gücü, onun ətraf mühitə və iqtisadiyyata faydaları, dünyanı dəyişdirmək üçün imkanları haqqında insanları məlumatlandırmaq üçün təşkil olunur.
Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatına görə, 2021-cu ildə dünyada bu enerji üzrə 93 qiqavat (13 % artım) yeni güc istifadəyə verilib və bununla, külək enerjisinin qoyuluş gücü 825 qiqavata çatıb.
Azərbaycanda külək enerjisinin qoyuluş gücü 67 meqavatdır (IRENA 2022). Qoyuluş gücünə görə, Yeni Yaşma Külək Elektrik Parkı ən böyüyüdür - gücü 50 meqavatdır.
Xatırladaq ki, bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyulub.
Eyni zamanda, bu ay Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” imzalanıb.
Rəylər (0):