Özbəkistanın Nəvai vilayətinin Zərəfşan şəhərində Mərkəzi Asiyanın ən böyük külək elektrik stansiyası (KES) olan 500 MVt gücündə Zərəfşan KES istismara verilib.
Renewables.az Özbəkistan mediasına istinadən xəbər verir ki, külək parkı Birləşmiş Ərəb Əmirliklərinin Masdar - Abu Dhabi Future Energy Company tərəfindən inşa edilib.
Zərəfşan KES 500 milyon evi elektrik enerjisi ilə təmin etmək imkanına malikdir. Stansiyanın həmçinin illik 1 milyon ton CO2 emissiyasının qarşısını alacağı bildirilir.
Külək parkı Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilib.
Xatırladaq ki, Masdar 2022-ci ildə Çinin Goldwind şirkəti ilə 111 ədəd 4,5 MVt gücündə turbin tədarükü üçün müqavilə bağlayıb. Hələ 2023-cü ilin iyun ayında tikinti ərazisində ilk külək turbini quraşdırılıb, dekabr ayında külək turbinləri test rejimində işləyib.
Qeyd edək ki, Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Özbəkistanın Energetika Nazirliyi ilə Masdar şirkəti arasında 1 giqavat gücündə külək elektrik stansiyasının tikintisinə dair müqavilə imzalanıb.
Rəylər (0):