ADA Universitetinin və Universitetin Fondunun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “BP Azerbaijan”, “Kolin” və “Мasdar” şirkətlərinin birgə təşkilatçılığı ilə 17-ci Bakı Yay Enerji Məktəbinin bağlanış mərasimi keçirilib.
Renewables.az ADA Universitetinə istinadla xəbər verir ki, bu il 13 ölkəni təmsil edən 56 iştirakçının iştirakı ilə keçirilən yay məktəbinin ikinci hissəsi ilk dəfə olaraq Bakıdan kənarda, Qazaxıstanın Aktau şəhərində təşkil edilib. İştirakçılar Bakı Portundan Aktauya gəmi-bərəsi ilə səyahət edərək enerji məsələləri ilə bağlı Qazaxıstanın mövqeyi və həyata keçirdiyi siyasət ilə bağlı ətraflı məlumat əldə ediblər.
2007-ci ildən bəri həyata keçirilən Bakı Yay Enerji Məktəbi Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ekologiya məsələlərinin araşdırılması və daha dəqiq tədqiq edilməsi üçün dünyanın tanınmış alimlərini, siyasətçi və mütəxəssislərini bir araya gətirən və ənənəvi olaraq keçirilən ikihəftəlik sertifikat proqramıdır.
Proqram çərçivəsində iştirakçılara enerji və ətraf mühitlə bağlı geniş məlumat verilib. Enerji iqtisadiyyatı, enerji hüququ, təbii sərvət gəlirlərinin idarə edilməsi, bərpa olunan mənbələr, davamlılıq, iqlim dəyişikliyi və enerji geosiyasəti mövzularında təlimlər akademiya, dövlət və özəl sektorların aparıcı milli və beynəlxalq ekspertlərindən ibarət müəllim və məruzəçi heyəti tərəfindən tədris edilib.
Müxtəlif qurumları təmsil edən rəsmilərin iştirak etdiyi bağlanış mərasimi sertifikatların iştirakçılara təqdim edilməsi ilə yekunlaşıb.
Rəylər (0):