ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüş keçirilib

image

Energetika naziri Pərviz Şahbazov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Berpaolunanenerji.az" nazirliyə istinadən xəbər verir.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin önəmini vurğulayan nazir iki ölkə arasında energetika sahəsində əməkdaşlığın uğurlu tarixə malik olduğunu bildirib. 

Bildirilib ki, Azərbaycanda eyni zamanda bərpaolunan enerji mənbələrindən istifadənin inkişafına xüsusi önəm verilir. Yaşıl enerjidən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam ilə beş milli prioritet istiqamətdən biri kimi müəyyənləşdirildiyi, eyni zamanda 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin ölkəmizin ümumi qoyuluş gücündə payının 30%-ə çatdırılmasının qarşıya hədəf kimi qoyulduğu qeyd olunub. Azərbaycanın bərpaolunan enerji potensialı, bu potensialın reallaşdırılması istiqamətində atılmış addımlar, sahə üzrə hazırlanmış qanun layihələri, özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində görülmüş işlər, sənaye miqyaslı külək və günəş elektrik stansiyalarının xarici investisiya hesabına reallaşdırılması üzrə iki beynəlxalq şirkətlə həyata keçirilən layihələr haqqında məlumat verilib.

Görüş zamanı həmçinin 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbə ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri, o cümlədən enerji infrastrukturunun bərpası, bu ərazilərin geniş hidro, günəş və külək enerjisi potensialına malik olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması planları və bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Sonda mərkəz nümayəndələrinin sualları cavablandırılıb.

Görüşdə “Xəzər Siyasət Mərkəzinin” icraçı direktoru Əfqan Nifti, mərkəzin üzvü, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Robert Sekuta, Qazaxıstan və Tacikistandakı sabiq səfir və ATƏT-in Minsk qrupunun Amerikalı sabiq həmsədri Riçard Hoqland, mərkəzin digər üzvləri iştirak ediblər.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *