ABŞ-nin Hadson İnstitutunda “Azərbaycan və qlobal enerji təhlükəsizliyi” mövzusunda müzakirələr aparılıb

image

Azərbaycan Respublikasının ABŞ-dəkı səfirliyinin və Birləşmiş Ştatların nüfuzlu düşüncə mərkəzi Hadson İnstitutunun əməkdaşlığı ilə “Azərbaycan və qlobal enerji təhlükəsizliyi” mövzusunda panel iclası keçirilib.

Renewables.az Səfirliyə istinadən xəbər verir ki, tədbirdə ABŞ-də fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, enerji məsələləri üzrə ekspertlər və bu sahədə fəaliyyət göstərən düşüncə mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Panel iclasında Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim, energetika nazirinin müavini Elnur Soltanov, Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin baş elmi işçisi və direktoru Maykl Doran, həmçinin milli təhlükəsizlik və müdafiə, xarici siyasət üzrə baş elmi işçisi Lyuk Kofi çıxış ediblər.

Səfir X.İbrahim Azərbaycanın geostrateji əhəmiyyətinə diqqət çəkərək, ölkəmizin enerji sektorunda vacib rol oynadığını qeyd edib.

E.Soltanov ölkəmizin enerji sektoru və ABŞ ilə əlaqələrinin tarixindən, Azərbaycanın XIX əsrdən etibarən bu sahədə dünya miqyasında rolundan bəhs edib. Nazir müavini xüsusilə müstəqilliyimizin bərpasından sonra ABŞ-ın ölkəmizin enerji sektorunun inkişafına verdiyi dəstəyi xatırladaraq, bunun suverenliyimizin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. Azərbaycanın enerji sektorunun neft və təbii qazdan sonra yaşıl enerji mərhələsinə keçdiyini bildirən E.Soltanov ölkəmizin Xəzər dənizində yaşıl enerji dəhlizi yaratmağı hədəflədiyini söyləyib. Azərbaycanın bu kontekstdə neft və təbii qaz layihələri üzrə əməkdaşlıq etdiyi şirkətlərlə yaratdığı etimad münasibətlərinin də əhəmiyyətli rol oynayacağı vurğulanıb. Bu xüsusda “Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsini nəzərdə tutan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əhəmiyyəti xüsusi qeyd olunub. Nazir müavini Azərbaycanın enerji siyasətinin qonşularının enerji təhlükəsizliyinə töhfə verdiyini də qeyd edib.

M.Doran çıxışında Azərbaycan ilə əlaqələrin region ölkələri üçün həyati önəm daşıdığını vurğulayıb, ölkəmizin həmişə regional və qlobal miqyaslı layihələrin təşəbbüskarı və icraçısı olduğunu bildirib.

L.Kofi bildirib ki, xüsusilə Ukraynadakı müharibədən sonra Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın qurulmasının vacibliyini daha çox dərk etməyə başlayıb. Onların təbii qazın yaşıl enerji kimi tanınmasını dəstəkləmələrinə və Azərbaycanın Avropaya təbii qaz ixracında önəmli roluna baxmayaraq, son zamanlar Azərbaycana qarşı ritorikasının dəyişməsinin müşahidə edildiyi bildirilib. Bununla yanaşı, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının baş tutmasının regionda iqtisadi inkişafa da ciddi töhfə verəcəyi, indiyədək bu bölgəyə gəlməmiş birbaşa xarici investisiyalar üçün münbit şərait yaradacağı vurğulanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *