Alman şirkətləri Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə hərraclarda iştirakda maraqlıdır

image

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azerbaijan) alman şirkətlərinin bərpa olunan enerji mənbələri sahəsində Azərbaycana cəlb edilməsinin üzərində çalışır.

Renewables.az xəbər verir ki, bu barədə Trend-ə AHK Azerbaijan icraçı direktoru Tobias Bauman deyib.

"Ötən il Azərbaycana bərpa olunan enerji məsələləri üzrə nümayəndə heyəti səfər edib. İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyimizin proqramı var və Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı kimi perspektiv mövzular üzrə işgüzar nümayəndə heyətlərini dəstəkləyir. Bilirik ki, Azərbaycan bərpa olunan enerji sahəsində yüksək potensiala malikdir. Alman işgüzar ictimaiyyətində bu sahəyə böyük maraq olduğunu görürük. Bundan başqa, ticarət palatamız İqtisadi Dayanıqlılıq üzrə Forum təşkil edib və B2B formatında görüşlər keçirib. Şirkətlərimiz Azərbaycan bazarını, onun şəraitini və hüquqi mühitini öyrənir. Hazırda üzərində işləməkdə olduğumuz 2-3 layihə var", - o deyib.

Bundan başqa, Bauman alman tərəfinin bərpa olunan enerji üzrə hərraclarda iştirakla bağlı Azərbaycan hökuməti ilə danışıqlar apardığını bildirib.

"Bəzi aspektlər var ki, aydınlıq gətirilməlidir, qiymət buna misaldır. Azərbaycanda elektrik enerjisinin istehlakçı qiymətləri həqiqətən aşağıdır ki, bu da böyük alman investorları üçün elə də cəlbedici deyil. Hesab edirəm ki, əməkdaşlıq təşəbbüsləri orta şirkətlərdən gələ bilər. Həmçinin bu gün alman şirkətləri ilə Azərbaycan tərəfi arasında müzakirə olunan digər imkanlar da mövcuddur. Hərrac baş tutarsa, düşünürəm sövdələşmələrin alman iştirakçılarının maraqlarına cavab verən imkanları tapılacaq", - deyə o əlavə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *