AREA-nın şöbə müdiri Rəna Hümbətova Avropa Enerji Tənzimləyiciləri Şurasına müsahibə verib

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Avropa Enerji Tənzimləyiciləri Şurasına müsahibə verib.

"Renewables.az" Şuranın rəsmi saytına istinadən xəbər verir ki, "Qadınlar Enerjidə" bloquna verilən müsahibədə enerji keçidində yaşıl hidrogenin rolu barədə ətraflı danışılıb.

“İnanıram ki, yaşıl hidrogen dünyada karbonsuzlaşma və enerji keçidində mühüm rol oynayacaq. Enerji sektorunun karbonsuzlaşması üçün “yaşıl” texnologiyaların və hidrogenin istifadəsi mühüm rol oynayır”.

Rəna Hümbətova karyera inkişafı, enerji keçidində gənc mütəxəssislərin rolu barədə fikirlərini də bölüşüb: “Fikrimcə, hər kəsin əlverişli, təmiz enerjiyə çıxışı olan bir gələcək yaratmaq üçün bizə gənc mütəxəssislər lazımdır. IRENA-nın "Qlobal Bərpa Olunan Enerjiyə Baxış: Enerji transformasiyası 2050" hesabatına əsasən, dünyada bərpa olunan enerji sahəsinin inkişafına töhfə vermək istəyən gənc mütəxəssislər üçün gender faktoru mühüm rol oynamır. Bununla belə, hesab edirəm ki, STEM-in bir kurrikuluma inteqrasiya etmək üçün ilkin olaraq təhsil sistemimizdə əsaslı təkmilləşdirmələr aparılmalıdır. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada bərpa olunan enerjinin inkişafında mühüm rol oynayacaq.

AREA-da çalışan mütəxəssislər müxtəlif universitetlərin və ali təhsil müəssisələrinin tələbə bölmələri ilə sıx əməkdaşlıq edərək onların bu sahədə bilik və bacarıqlarının gücləndirilməsi fəaliyyətlərində iştirak edir. Bu istiqamətdə xülasə xarakterli təqdimatlarla çıxış edərək müxtəlif enerji birlikləri tərəfindən təşkil olunan təlimlərdə gender fərqi olmadan gənc mütəxəssislərə ətraflı məlumat verilir”, - deyə o bildirib.

Rəna Hümbətova karyera uğurlarının səbəbini komanda işində olduğunu qeyd edib: "Şəxsi və peşəkar ilhamımı həyatımın və karyeramın ən çətin dövrlərində belə həmişə mənə dəstək olan ailəmdə və dostlarımda tapıram. Hədəfləriniz əlçatmaz görünsə də, heç vaxt həvəsdən düşməyin və həmişə qarşıya qoyulan məqsədə nail olun".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *