Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

image

Energetika nazirinin müavini Orxan Zeynalov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Enerji sektorunun Baş direktoru Priyanta Vijayatunqa və Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının Enerji direktoru Junho Hvanqın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Renewables.az-a bu barədə nazirlikdən məlumat verilib.

Söhbət zamanı ölkəmizin Bankla sıx əməkdaşlıq əlaqələrini uğurla davam etdirməsi, energetika sektorunun inkişafı, xüsusilə Azərbaycan təbii qazının Avropaya nəqli layihələrinə Bankın göstərdiyi dəstək yüksək qiymətləndirilib.

Görüşdə enerji sektoru üzrə potensial layihələr və enerji sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib. Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər, ölkəmizin yaşıl enerji potensialı, istehsalı və ixracı məsələlərindən bəhs edilib, COP29-la bağlı enerji təşəbbüsləri və planlaşdırılan tədbirlər haqqında məlumat verilib.

Energetika Nazirliyi və AİB tərəfindən həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində ötən ay istismara verilmiş Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun Azərbaycanda yaşıl enerji mənbələrinin şaxələndirilməsinə gözlənilən təsirindən bəhs olunub.

Görüşdə, həmçinin AİB-in texniki dəstəyi çərçivəsində Azərbaycanda istilik təchizatı sahəsində islahatların aparılması istiqamətdə görüləcək tədbirlər müzakirə edilib, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsinə dəstək, “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması layihəsi üzrə gələcək birgə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *