Azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi ilə bağlı işçi qrupu yaradılacaq

image

Energetika Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı üzrə əlaqələndirici funksiyasını yerinə yetirəcək.

"Berpaolunanenerji.az"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Energetika Nazirliyi Tədbirlər Planının icra vəziyyətinə dair hər il yanvar ayının 31-dək illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Nazirliyə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə əlaqələndirmə və monitorinq üzrə müvafiq işçi qrupun yaradılmasına dair təkliflərini 1 ay müddətində, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Tədbirlər Planından irəli gələn tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq illər üzrə dövlət büdcəsində vəsait nəzərdə tutulmasına dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərin (payların) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması istiqamətində və Tədbirlər Planının əsas icraçıları olduqları tədbirləri üzrə zəruri işlərin görülməsini, Azərbaycan Respublikası Energetika Nazirliyinin müraciəti əsasında lazımi məlumatların təqdim olunmasını təmin etməlidirlər.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *