Azərbaycan tərəfindən istilik effekti yaradan qaz emissiyalarının səviyyəsinin daha da azaldılması üzrə görülən öhdəliyə yenidən baxılır və bu yaxında ölkənin buna dair mövqeyi açıqlanacaq.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Bakıda keçirilən BMT gününə həsr olunmuş konfransda çıxışı edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, 1990-cı illə müqayisədə 2030-cu ilədək Azərbaycanda istilik effekti yaradan qaz emissiyalarının səviyyəsinin 35% azaldılması hədəfi kifayət qədər ambisiyalı öhdəlikdir.
"Bizim götürdüyümüz öhdəlik bir çox ölkələr tərəfindən qəbul edilən öhdəliklərdən daha ambisiyalıdır. Bu məsələ ölkə səviyyəsində müzakirə olunur, yeni öhdəliklərə baxılır və COP26 konfransına Azərbaycan əliboş getməyəcək. Ölkə öz öhdəliklərini yeniləmək niyyətindədir. Hazırda dövlətdaxili prosedur həyata keçirilir və bu yaxında ölkənin rəsmi mövqeyi açıqlanacaq", - deyə U. Tağıyeva qeyd edib.
Rəylər (0):