Bu gün Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə energetika sahəsi ilə bağlı yol xəritəsinin təqdimatını keçirib.
Bu barədə "Berpaolunanenerji.az"a IFC-dən məlumat verilib.
Məlumata görə, 2040-cı ilə qədər Azərbaycan, doğru uzunmüddətli strategiya və ona əsasən həyata keçiriləcək infrastruktur inkişafı, yatırımlar və siyasətlər sayəsində dəniz küləyindən enerji hasilatı üçün 7 qiqavatt qoyuluş gücünə nail ola bilər, bu da ölkənin dekarbonlaşma və dayanıqlı iqtisadi artım kimi paralel prioritetlərinin icrasında vacib rol oynaya bilər.
Azərbaycanda ilk dəfə hazırlanmış dəniz külək enerjisi üzrə yol xəritəsi iki artım ssenarisini (yüksək və kiçik artım) nəzərdə tutur. Yol xəritəsinin məqsədi dəniz külək energetikasına dünyada artan maraq şəraitində bu yeni sənaye ilə bağlı normativlər, hüquqi çərçivə və infrastruktura dair qərarların verilməsinə yardım etməkdir.
Kiçik artım ssenarisinə əsasən, Azərbaycanda dəniz külək energetikası mötədil templə inkişaf edərək, 2040-cı ilə qədər 1,5 qiqavatt qoyuluş gücünə malik olacaq və dekarbonlaşdırılmış enerji istehsalının 7%-ni təmin edəcək. Yüksək artım ssenarisində daha iddialı artım templəri nəzərdə tutulur: 2040-cı ilə qədər dəniz külək energetikasının qoyuluş gücü 7,2 giqavatta çataraq ölkənin enerji təchizatının 37%-ni təmin edə bilər.
Yol xəritəsində dəniz külək energetikası potensialının hər iki ssenariyə əsasən istifadəsi üçün tövsiyə olunan tədbirlər təqdim edilir. Həmin tədbirlərin sırasına 2030-cu və 2036-cı illər üçün hədəflərin müəyyən edilməsi, 200 meqavatt gücündə pilot layihəsinin, sonra isə bu qəbildən olan daha iri layihələrin işlənib hazırlanması və rəqabətli müsabiqə şəraitində tikilməsi və istifadəyə verilməsi, dəniz küləyi üçün yeni perspektivli sahələrin kəşf edilməsi, infrastrukturun modernləşdirilməsi, maliyyə vəsaiti cəlb etmək üçün qabaqcıl beynəlxalq təcrübələrin qəbul edilməsi və dəniz külək energetikası sahəsində davamlı layihələr ardıcıllığını realizə etmək üçün dövlət qurumlarında və işçi qüvvəsində müvafiq bilik və bacarıqların artırılması daxildir.
Energetika nazirinin müavini Elnur Soltanov deyib ki, son bir neçə onillikdə Azərbaycan Xəzər dənizinin neft-qaz ehtiyatlarından iqtisadi inkişafı məqsədləri üçün səmərəli istifadə edə bilob: "Lakin dünya dəyişir və artıq dənizimizin digər ehtiyatından – küləyin gücündən yararlanmaq vaxtı çatıb. Dəniz külək energetikası bizə unikal imkan verir: neft-qaz sahəsində topladığımız təcrübəni və peşəkar işçi qüvvəsini yeni sahədə tətbiq edərək, eyni zamanda dekarbonlaşma və iqtisadi şaxələndirmə məqsədlərimizə çatmaq və Azərbaycan xalqı üçün firavan gələcəyi təmin etmək".
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib: "Dəniz külək energetikası ölkə üçün yerli, rəqabətli qiymətə malik, irimiqyaslı və təmiz enerji və iş yerləri mənbəyi deməkdir. “Yüksək artım ssenarisinin təhlili göstərir ki, dəniz külək energetikası 2040-cı ilədək Azərbaycanın iqtisadiyyatı üçün minlərlə iş yerləri və milyardlarla əlavə dəyər yaratmaq, eləcə də milyonlarla ton karbon emissiyasının qarşısını almaq iqtidarındadır. Bu təhlillərə görə, dəniz külək enerjisi Azərbaycan 2030 - Milli Prioritetlərində vurğulanan öncüllərdən biri olan enerji sektorunda “xalis sıfır” emissiyalar hədəfinə nail olmaqda önəmli rol oynayacaq".
IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte qeyd edib ki, yol xəritəsi Azərbaycan Hökuməti və IFC arasında əməkdaşlıqda mühüm mərhələ olmaqla yanaşı, ölkənin dekarbonlaşma strategiyasında dəniz küləyinin yaratdığı imkanlardan istifadə etmək üçün etibarlı zəmin yaradır: “Beynəlxalq Maliyyə Korporasiyası olaraq, biz Azərbaycan Hökuməti ilə yüksək səviyyəli əməkdaşlığımızla fəxr edir və iqtisadi artım üçün yeni imkanlar açan bərpa olunan enerji mənbələrindən daha geniş istifadə yolunda Azərbaycanı həm məsləhət xidmətləri göstərməklə, həm də bu sahəyə özəl investisiyaların təmin edilməsi üçün maliyyə vəsaiti cəlb etməklə dəstəkləməyə hazırıq".
Adı çəkilən yol xəritəsi Dünya Bankı və IFC-nin müştərək layihəsi olan Dəniz Külək Energetikasının İnkişafı Proqramı çərçivəsində dəniz küləyinin potensialının öyrənilməsinə dair Dünya Bankı Qrupunun sifariş etdiyi silsilə araşdırmalardan biridir. Bu tədqiqat Dünya Bankının “Energetika sektorunun idarə edilməsinə yardım proqramı” (ESMAP) və “Mavi iqtisadiyyat proqramı” (PROBLUE) çərçivəsində maliyyələşdirilib. Yol xəritəsi dövlət və özəl bölmələrin nümayəndələrindən, o cümlədən yerli və qlobal külək enerjisi sənayesinin təmsilçilərindən ibarət böyük sayda maraqlı tərəflərlə məsləhətləşmələr əsasında hazırlanıb.
Rəylər (0):