Bakıda Dünya Bankı tərəfindən hazırlanmış “Azərbaycan: Yaşıl İnkişafa Doğru” hesabatının təqdimatı keçirilib.
"Berpaolunanenerji.az"ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, təqdimat mərasimində aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti, təhsil mərkəzlərinin, Dünya Bankı və BMT-nin ölkəmizdəki nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl az emissiyalı iqtisadi modelə keçidin Azərbaycana qlobal və regional miqyasda rəqabətqabiliyyətli olmaq üçün imkanlar açdığını qeyd edib, bundan yararlanmaq üçün Azərbaycan iqtisadiyyatında innovasiyaların tətbiqinin genişləndirilməsinin, təbii və insan kapitalının inkişafının vacibliyini vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkəmizin beynəlxalq maliyyə təşkilatları ilə, o cümlədən Dünya Bankı ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb, yaşıl iqtisadiyyata keçidlə bağlı hazırlanan hesabatların ölkəmizdə bu istiqamətdə strateji sənədlərin hazırlanması üçün mühüm mənbə olacağına, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqaməti olan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin reallaşmasına töhfə verəcəyini qeyd edib. BMT-nin qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə öhdəliklərin həyata keçirilməsinin ölkəmizdə dövlət siyasətinin mühüm tərkib hissələrindən olduğunu qeyd edən nazir müavini, bu baxımdan ölkəmizdə DİM-lərin həyata keçirilməsində iqtisadi, sosial və ekoloji amillərin vahid formada inteqrasiyasını, “yaşıl iqtisadiyyat”ın təşviqinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, ekoloji sahədə həyata keçirilən tədbirlər və “yaşıl iqtisadiyyatın” dəstəklənməsi məqsədilə icra olunan layihələr nəticəsində Azərbaycan Yaşıl İnkişaf İndeksində (Green Growth Index) Asiya regionu üzrə 10-cu yerdə qərarlaşmışdır.
Nazir müavini işğaldan azad olunmuş ərazilərin bərpası, yenidənqurulması və ölkə iqtisadiyyatına reinteqrasiyasının qarşıda duran əsas vəzifə olduğunu, bu ərazilərdə müasir infrastruktura uyğun olaraq “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının, eləcə də “yaşıl enerji zonası” layihələrinin tətbiqi, ekoloji mühitin bərpası və sağlamlaşdırılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, BMT-nin rezident əlaqələndiricisinin müavini Kanako Mabuçi, Dünya Bankının ətraf mühit, təbii sərvətlər və mavi iqtisadiyyat üzrə baş mütəxəssisi Saşa Ayxberqer çıxışlarında bir sıra mövcud sektorların yaşıllaşdırılması və yeni yaşıl sahələrin inkişaf etdirilməsi və iqlimlə bağlı tədbirlərin gücləndirilməsinin ölkə iqtisadiyyatının şaxələndirilməsi və ekoloji problemlərin həlli baxımından önəmini qeyd ediblər.
Tədbir çərçivəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun moderatorluğu ilə keçirilən paneldə Azərbaycanda yaşıl transformasiyaya keçid üçün potensial imkanların qiymətləndirilməsi, orta və uzun müddətli perspektivdə ölkəmizdə yaşıl inkişaf mənbələrinin müəyyənləşdirilməsi üçün qarşıda duran hədəflər, görüləcək işlər barədə müzakirələr aparılıb.
Rəylər (0):