Azərbaycanda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısı iki üsulla seçiləcək.
Renewables.az xəbər verir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın 5-ci bəndində öz əksini tapıb.
Qaydaya görə, istehsalçı həm birbaşa, həm də hərrac yolu ilə seçilə biləcək.
Belə ki, hərraclarda minimum 2 iştirakçı olduqda bu proses başa çatmış hesab ediləcək. Namizədlərin sayı 2-dən az olduqda və ya hərracın iştirakçısı olmadıqda, hərrac baş tutmamış hesab ediləcək. Hərracın keçirilməsi zamanı hərrac iştirakçılarına bərabər və tamhüquqlu iştirak imkanı yaradılacaq. Hərrac auksion formasında keçirildiyi halda ən aşağı qiymət təklifi etmiş şəxs, müsabiqə formasında keçirildiyi halda isə hərrac komissiyasının rəyinə əsasən ən əliverişli şərtlər təklif etmiş şəxs hərracın qalibi sayılacaq.
Dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələrdə seçim birbaşa cəlbetmə üsulu ilə olacaq. Bunun üçün aidiyyəti qurum istehsalçı ilə birbaşa danışıqlar aparacaq və razılıq üçün dövlət başçısına müraciət edəcək.
Hərrac baş tutmadıqda, elektrik enerjisi istehsalçısı birbaşa cəlbetmə üsulu ilə seçiləcək. Səlahiyyətli orqan birbaşa cəlbetmə üsulu ilə istehsalçının seçilməsi üçün danışıqlara başlayacaq və danışıqların nəticəsinə uyğun olaraq, investisiya müqaviləsi bağlanacaq.
Rəylər (0):